Əsasnamə | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

Əsasnamə

 

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
08 avqust 2007-ci il tarixli
76 nömrəli əmri ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (bundan sonra “Mərkəz”) Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir.

2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Səhiyyə Nazirliyinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

4. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

5. Mərkəz Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 96 ünvanında yerləşir.

II. Mərkəzin fəaliyyət istiqamətləri

6. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.1. Nazirliyin rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində öz səlahiyyətləri daxilində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

6.2. ictimai səhiyyə xidmətlərinin təşkilini, səhiyyənin idarəetmə və maliyyələşdirilməsi sahəsində islahatların aparılması üzrə təkliflərin və metodik sənədlərin hazırlanmasını təmin edir;

6.3. səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb müəssisələrinin fəaliyyət mexanizminin müasirləşdirilməsi və tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində təklifləri hazırlayır;

6.4. ilkin səhiyyə sahəsində islahatların aparılmasını, səhiyyə proqramlarının işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı məsələlərin həll edilməsini həyata keçirir;

6.5. müasir texnologiyaların səhiyyədə tətbiqini təşkil edir;

6.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Mərkəzin vəzifələri

7. Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

7.1. səhiyyə siyasətinin və islahatlarının aparılmasının elmi və təcrübi cəhətdən əsaslandırılmasını həyata keçirmək;

7.2. səhiyyə qanunvericiliyinın təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

7.3. səhiyyədə vahid informasiya məkanının formalaşdırılmasını, rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsini həyata keçirmək;

7.4. əhalinin sağlamlığının qorunması, tibbi yardımın təkmilləşdirilməsi və ailə təbabəti konsepsiyasının Azərbaycanda tətbiqi ilə bağlı məsələlərin həllində zəruri təşkilati tədbirləri hazırlayıb həyata keçirmək;

7.5. ümumi praktika həkimi (ailə həkimi) işinin qurulması ilə əlaqədar metodik materialları hazırlamaq;

7.6. səhiyyədə aparılan islahatlar çərçivəsində icbari tibbi sığorta sisteminin tətbiqi və inkişafının maliyyə-iqtisadi və normativ-hüquqi təminatı prinsiplərini işləyib hazırlamaq;

7.7. əhalinin tələbatına uyğun olaraq səhiyyənin idarəolunmasının ictimai formalarını müəyyən etmək;

7.8. profilaktik yardım sistemlərinin təkmilləşdirilməsi, tibbi profilaktika tədbirlərinin həcminin artırılması, sağlam həyat tərzinin təbliği, əhalinin tibbi mədəniyyətinin yüksəldilməsi istiqamətində sanitar-maarif işləri aparmaq və metodik vasitələri hazırlamaq;

7.9. əhalinin sağlamlığının qorunması məsələləri ilə bağlı idarələrarası qarşılıqlı əlaqələri inkişaf etdirmək, səhiyyə və sosial təminat xidmətləri fəaliyyətlərinin inteqrasiyasına köməklik etmək;

7.10. təbabət elminin son nailiyyətlərini, müasir müalicə, diaqnostika və profilaktika tədbirlərini, yeni tibbi texnologiyaları, o cümlədən yüksək texnologiyalara əsaslanan ixtisaslı tibbi yardım göstərilməsi üsullarını səhiyyə təcrübəsinə tətbiq etmək və bu sahədə tibb müəssisələrinə metodik və əməli yardım göstərmək;

7.11. tibbi yardımın keyfiyyət göstəricilərinin (indikatorların) və bu göstəricilərin qiymətləndirilməsi metodlarının tərtib edilməsi, məlumatların toplanması, təhlili və uzunmüddətli planlaşdırma ilə bağlı idarəetmə qərarlarının verilməsinə istiqamətlənmiş əhalinin sağlamlığının monitorinqi sistemini işləyib hazırlamaq;

7.12. sübutlara əsaslanan təbabət prinsipləri üzərində qurulmuş tibbi praktika standartlarının və klinik protokolların tətbiqi, tibb işçilərinin diplomdansonrakı təhsilinin təkmilləşdirilməsi vasitəsilə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək;

7.13. səhiyyə sahəsinin kadrlarla təminatına müasir yanaşmaların tətbiq edilməsi, tibbi kadrların hazırlanması və yenidən hazırlanması sisteminin müasirləşdirilməsi mexanizmlərini işləyib hazırlamaq;

7.14. səhiyyə şəbəkəsinin perspektiv fəaliyyəti, səhiyyə obyektlərində tikinti işlərinin tibbi baxımdan planlaşdırılması və dizayn işlərinin aparılması sahələrində təkliflər hazırlamaq;

7.15. səhiyyədə həyata keçirilən beynəlxalq layihə və milli proqramlarda iştirak etmək və bu sahədə milli koordinatorlarla iş birliyini qurmaq;

7.16. elmi simpoziumlar, seminarlar, sərgilər, praktik məşğələlər, təlimlər və s. keçirmək və onlarda iştirak etmək;

7.17. ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

7.18. mərkəzdə çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

7.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

7.20. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;

7.21. mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

7.22. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

7.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Mərkəzin hüquqları

8. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

8.1. əhaliyə göstərilən tibbi xidmətlərin müasir metodları barədə təkliflər hazırlamaq;

8.2. əhalinin sağlamlığına yönəldilmiş sosial təşəbbüslərdə iştirak etmək;

8.3. mərkəzin struktur bölmələrinin işinin səmərəliyini və keyfiyyətini təhlil etmək;

8.4. mərkəzin heyəti arasında peşəkar ixtisaslaşmanın, nəzəri səviyyənin yüksəldilməsi işini aparmaq;

8.5. mərkəzdə nümunəvi “Ailə təbabəti” pilot modelini yaratmaqla xəstələrin profilaktikası, diaqnostikası və müalicəsi işinin təşkilinin təkmilləşdirilməsi məqsədilə müasir metodları təcrübədə tətbiq etmək;

8.6. həkimlərin ixtisaslaşdırılması və təkmilləşdirilməsi sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;

8.7. fəaliyyəti sahəsində tibbi konfrans, simpozium, təlim və digər tədbirləri həyata keçirmək və onlarda iştirak etmək;

8.8. fəaliyyət sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

8.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

8.10. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər, treninq materiallarını, metodik sənədləri hazırlamaq və nəşr etmək, internet saytı yaratmaq və ondan istifadə etmək;

8.11. mərkəzin fəaliyyətinin təmin edilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq tabeliyində qurumlar yaratmaq;

8.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Mərkəzin fəaliyyətinin təşkili

9. Mərkəzin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

10. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Səhiyyə Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

11. Direktor Azərbaycan Respublikasının Səhiyyə Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır.

Direktorun müavinləri onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

12. Direktor:

12.1. mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

12.2. mərkəzin işçilərini müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

12.3. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

12.4. həkim və orta tibb işçilərinin ixtisaslarının artırılması üçün tədbirlər görür;

12.5. mərkəzi təmsil edir.

13. Mərkəzdə direktordan (Şuranın sədri), onun müavinlərindən, mərkəzin struktur bölmələrinin rəhbər işçilərindən ibarət Şura yaradılır. Mərkəzin Şurasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

14. Mərkəzin Şurasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

15. Mərkəzin Şurası öz iclaslarında mərkəzin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

16. Mərkəzin Şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Mərkəzin Şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Mərkəzin Şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Şuranın sədrinin səsi həlledici hesab edilir.

17. Mərkəzin Şurasının qərarları protokolla rəsmiləşdirilir və direktor tərəfindən təsdiq edilir.

18. Mərkəzin Şurasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.