1 İYUN 2015
Cinsi və reproduktiv sağlamlığın yaxşılaşdırılmasında insan hüquqlarının təşviqi üzrə Regional Konfrans keçirildi
Regional Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova təmsil etdilər.
2015-ci il mayın 27-29-da Bolqarıstanın Sofiya şəhərində keçirilən Regional Konfransda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan nazirlər, yüksək vəzifəli şəxslər və ekspertlər iştirak etdilər. Regional Konfrans BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisi ilə Bolqarıstanın Xarici İşlər və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirildi.
2013-cü il iyulun 1-2-də İsveçrənin Cenevrə şəhərində yüksək səviyyədə keçirilmiş Əhali və inkişaf üzrə 2014-cü ildən sonrakı dövr ərzində fəaliyyətə dair beynəlxalq konfrans və 2015-ci ildən sonrakı İnkişaf Proqramının tövsiyələri əsasında təşkil olunan konfransda əhalinin sosial-iqtisadi inkişafı ilə bağlı maraqlı məqamlara toxunuldu. Tədbirdə vurğulandı ki, sosial-iqtisadi inkişafın mərkəzində əhali dayanmalı, diqqət xüsusilə insan haqlarına, gender bərabərliyinə, səhiyyə və təhsilə, o cümlədən qızların təhsil almasına yönəldilməlidir.
Konfrans çərçivəsində ölkələrin dövlət tibb müəssisələrinin nümayəndələri 2015-ci ildən sonrakı İnkişaf Proqramına nəzər yetirdilər. Həmçinin əhalinin inkişaf dinamikası, müasir zamanda ailə, cinsi və reproduktiv sağlamlığın yaxşılaşdırılmasında insan hüquqlarının təşviqi, sosial inteqrasiya ilə bağlı mövzular müzakirə edildi. Eləcə də yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğinin əhəmiyyəti diqqətə çatdırıldı.
Konfransda cinsi və reproduktiv sağlamlıq sahəsində bərabərsizliklərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikası ilə bağlı məsələlərdən də söhbət açıldı. İştirakçılar görülən fəaliyyətin və nailiyyətlərin xülasəsini hazırladılar, cinsi-reproduktiv sağlamlıq və reproduktiv hüquqların prioritetlərini müəyyən etdilər. Eyni zamanda Şərqi Avropa və Mərkəzi Asiyada daha yaxşı cinsi və reproduktiv sağlamlıq nəticələrinə nail olmaq üçün ölkələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi önə çəkildi, tövsiyələr dinlənildi. Sonda iştirakçı dövlətlərin yekdil səsiylə Sofiya Deklarasiyası qəbul olundu.