İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 MART 2015

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2015-ci il martın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyi, Səhiyyə Nazirliyinin “Ana və uşaq” layihəsi, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, Dünya Bankı, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və “Gənclər üçün Təhsil Mərkəzi” təşkilatının nümayəndələri iştirak etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov aparılmış bir neçə tədqiqat barədə məlumat verdi: “Uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə aparılmış sorğu üzrə yekun hesabatın təqdimatı olub. Martın 18-də isə uşaq poliklinikalarının məsul şəxsləri üçün bu tədqiqatın nəticələrinin təqdimatı keçiriləcək. Həmçinin “Qeyri-infeksion xəstəliklərin risk amillərinin Azərbaycanda qadınlar arasında yayılması üzrə araşdırma”nın nəticələrinin təqdimatı edilib. Bu tədqiqat 2006-cı və 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun müqayisəli təhlili əsasında aparılıb.”

Direktor ana və uşaq sağlamlığı ilə bağlı 2008-2009-cu illərdə Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik protokolların yeniləşdirilməsi prosesinə başlanıldığını diqqətə çatdırdı. C.Məmmədov İSİM tərəfindən VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Sağlam ana – Sağlam körpə” adlı videoçarxın çəkilməsini, poster və flayerlərin hazırlanması da bildirdi: “Əsas məqsəd gələcək anaların diqqətini ana və uşaq sağlamlığının qorunmasına yönəltməkdir.”

ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova 7 april - Dünya Sağlamlıq Günü ilə bağlı tədbirlərin görüldüyündən söhbət açdı: “Press-relizlər hazırlanıb, İSİM-lə birgə buklet və plakat hazırlanıb. Eləcə də İSİM tərəfindən ÜST-nin təhlükəsiz qidalanma ilə bağlı animasiya filmi Azərbaycan dilinə tərcümə edilib və gələcəkdə əhalinin maarifləndirilməsi məqsədilə nümayiş etdiriləcək.”

Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyətinin davam etdirildiyini bildirdi. Səhiyyə Nazirliyinin “Ana və uşaq” layihəsinin əlaqələndiricisi Təranə Tağızadə isə keçirilmiş konfrans və seminarlardan söz açdı.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova anaların sağlamlığının təminatı istiqamətində beynəlxalq ekspertlərin iştirakı ilə mama-ginekoloqlara mühazirələrin təşkil olunduğunu diqqətə çatdırdı: “Nikahdan əvvəl tibbi müayinə kabinetlərində həkimlərə ailə planlaşdırılması, reproduktiv sağlamlıq barədə təlimlər keçirilir. Həmçinin yeniyetmələrin reproduktiv sağlamlığı ilə bağlı metodik vəsaitlər və bukletlər hazırlanır, doğuşayardım və neonatal xidmət üzrə monitorinqlər aparılır.”

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov risk qrupları arasında aparılmış kəşfiyyatçı epidemioloji nəzarətlə bağlı tədqiqatın yekunlaşdığından söhbət açdı. QİÇS və vərəm layihələri ilə bağlı görülən fəaliyyət barədə Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyinin texniki koordinatoru Afaq Novruzova məlumat verdi. BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov gənclərlə əlaqədar yeni dövlət proqramının hazırlanması çərçivəsində gənclər arasında sorğuların keçirildiyindən bəhs etdi. Dünya Bankının nümayəndəsi Elvira Anadolu diqqəti gələcək layihələrə çəkdi.

İSİM-in əməkdaşı Rasim Əliyev tərəfindən Mərkəzin yeni saytının təqdimatı maraqla qarşılandı: “İSİM fəaliyyətini operativ şəkildə davam etdirir. Məlumatlarımız isə saytda artıq üç dildə təqdim olunur.”

Təşkilatlararası iclasın bu dəfəki qonağı “Gənclər üçün Təhsil Mərkəzi” təşkilatının icraçı direktoru Fəxrəddin Həsənzadə təşkilatın fəaliyyəti haqqında təqdimat etdi: “Səhiyyənin ən müxtəlif sahələri üzrə tədbirlər keçiririk. “Gənclərin Sağlamlıq Forumu”, “Regional gənclərin Sağlamlıq Forumu” və qanvermə aksiyaları, inklüziv təhsil, yeniyetmələrin reproduktiv sağlamlığı ilə bağlı tədbirlər bu qəbildəndir.”

İclas təqdimat ətrafında maraqlı fikir mübadiləsi ilə davam etdi.