24 İYUN 2023
Şabranda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda təşviqat aksiyası oldu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıqla Şabran şəhərində əhali üçün təşviqat aksiyası keçirildi. Yerli sakinlərin, ictimaiyyət nümayəndələri və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə və narkomaniyanın təhlükəli fəsadları barədə əhali arasında geniş maarifləndirmə aparılması idi.
26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olundu, tütünçəkmə və narkomaniyanın fəsadlarını təsvir edən rəsmlər sərgiləndi. Səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən iştirakçılara tütün məmulatları və narkotik maddələrin fəsadları barədə ətraflı məlumat verildi, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə olundu. Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!”, “Sağlam, narkotiksiz həyat seç!”, “Qeyri-infeksion xəstəliklərin əsas risk amilləri”, Siqaretin təhlükəli təsirləri” və digər mövzularda maarifləndirici nəşrlər və suvenirlər paylanıldı.