12 İYUL 2023
Azərbaycanda selektiv abortlara təsir edən sosial, ictimai, tibbi və digər amillərin öyrənilməsinə dair sorğu keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkəmizdə doğulacaq uşağın cinsinin seçilməsinə təsir edən sosial, ictimai, tibbi və digər amillərin araşdırılması və hədəfli tədbirlərin keçirilməsi məqsədi ilə sorğu keçirilib. BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqla keçirilən sorğunun əsas məqsədi Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan əsas mexanizmlərin öyrənilməsi, statistik məlumatların əldə edilməsidir.
Qadın məsləhətxanaları və doğum evlərində aparılan sorğuda ginekoloq, ultrasəsli diaqnostika (USM) həkimləri, mamalar, tibb bacıları iştirak ediblər. Bakı şəhərində və regionlarda keçirilən sorğu ümumilikdə 21 doğuşayardım tibb müəssisəsində, 917 nəfər respondent arasında aparılıb. Tibb müəssisələrində keçirilən görüşlərdə İSİM tərəfindən hazırlanaraq nəşr edilən, abortların və selektiv abortların təhlükəli təsirləri barədə maarifləndirici materiallar paylanılıb. Sorğu nəticələrinin təhlil edilərək analiz olunması və müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, selektiv abort, dölün cinsiyyətinə görə hamiləliyin süni pozulması bu gün nəinki Azərbaycanda, bütün dünyada cəmiyyəti narahat edən məsələlərdəndir. Selektiv abortların qarşısının alınması istiqamətində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Qanunvericilik bazası təkmilləşdirilir, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhalinin müxtəlif yaş qrupları arasında geniş maarifləndirilmə aparılır. Selektiv abortların fəsadları, gender əsaslı cins seçiminin aradan qaldırılması, qız uşaqlarının doğulmasının stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir və məlumatlandırıcı materiallar paylanılır.