19 SENTYABR 2016
İSİM-də “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” ilə bağlı tədbir keçirildi
16 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” ilə bağlı intervyuerlər üçün metodik təlim keçirildi. Bu təlim İSİM tərəfindən ilin sonuna kimi palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsinin aparılması üçün ikinci hazırlıq tədbiri oldu. Xatırladaq ki, birinci təbdir cari ilin avqust ayının 22-də İSİM-də keçirilmişdi.
Hazırki tədbir Azərbaycanda palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsi prossesində potensial intervyuerləri sorğunun aparılması qaydaları ilə tanış etmək məqsədini daşıyırdı. Təlimi aparan İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov və sosioloq Ayşəm N. Balayeva palliativ yardım xidmətlərinin təşkilində və monitorinqində marağı olan mütəxəssislərə və intervyuerlerə bu təqdiqatın aparılmasında vacib məqamlara toxundular, mövzu ilə əlaqədar olan incəliklərə diqqət yetirdilər.
Adı çəkilən tədqiqatın Azərbaycanın səkkiz regionunda aparılacağını bildirən Nabil Seyidov əsasən seçilmiş tibb müəssisələrinin rəhbərliyinə, həkimlərinə, orta tibb personalına və bu xidmətdən bəhrələnə biləcək xəstələrə və onların yaxınlarına hədəfləndiklərini bildirdi.
Tədbirin sonunda aparılan müzakirələrdən sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı.