7 SENTYABR 2016
İSİM-in 10 ili tamam oldu
7 sentyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) fəaliyyətə başlamasının on ili tamam oldu.
Ölkə rəhbərliyinin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində Azərbaycanda səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sisteminin dünya standartlarına uyğun inkişaf etməsinə səbəb olmuşdur. Bu sahədə bir çox istiqamətlər üzrə aparılan islahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ildə Səhiyyə Nazirliyinin əmri ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) yaradılması səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.
İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. İSİM-in Əsasnaməsində də məhz bu fəaliyyətlər özünü əks etdirir.
Beləliklə, artıq 10 ildir ki, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayan bir qurumdur.
Artıq 10 ildir ki, İSİM tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssisləri ilə strateji sənədlərin hazırlanması, tədqiqatların, araşdırmaların və sorğuların aparılması, monitorinqlərin keçirilməsi, metodik vəsait və klinik protokolların tərtibi, təlimlərin və seminarların təşkili, səhiyyə kommunikasiyası və maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı mühüm xidmətlər göstərir.
Bununla əlavə, İSİM-in ambulator və laboratoriya şöbələri əhaliyə ambulator tibbi xidmət göstərir. Mərkəzdə nəzəri şöbələrlə yanaşı praktik şöbələrin də fəaliyyət göstərməsi həyata keçirilən bir çox layihələrin ilkin sınaqdan burada keçirilməsinə imkan verir.
İSİM öz kadr ehtiyatları ilə unikal bir səhiyyə təşkilatıdır. Mərkəzdə tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssislərin, o cümlədən hüquqşünas, iqtisadçı, ekoloq, mühəndis, psixoloq, səhiyyə kommunikatoru, sosioloq, tərcüməçi və jurnalistlərin də fəaliyyət göstərməsi ictimai səhiyyə anlayışına müasir yanaşma ilə səsləşir. Belə çoxixtisaslı heyətin olması İSİM-in ictimai səhiyyə fəaliyyəti üçün əlverişli şərait yaradır.
İSİM-in institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.
İSİM-in fəaliyyətini istiqamətləndirən Milli Fəaliyyət Planı, Dövlət Proqramı və Tədbirlər Proqramları əsas tutularaq bu illərdə strateji sənədlər hazırlanmış, tədqiqat/sorğu/araşdırmalar aparılmış, monitorinqlər keçirilmiş, metodik vəsait və klinik protokollar tərtib olunmuş, təlimlər/seminarlar təşkil olunmuşdur. Əhalinin maarifləndirilməsi işi daim aparılmışdır.
2006-2016-cı illər ərzində İSİM-ə daxil olan 2667 məktub əsasında müvafiq tədbirlər görülmüş, sorğular cavablandırılmış və əmrlərin icrası təmin edilmişdir.
Bu illər ərzində İSİM tərəfindən hazırlanmış strateji sənədlər sırasından bir neçəsinin adını çəkmək yetər ki, (Qeyri-infeksion xəstəliklərə qarşı mübarizə üzrə Strategiya, 2015, Xərçəng Registri, 2015 , Ürək Çatışmazlığı Registri, 2015, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Strateji Planı, 2014, Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı, 2013, Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı, 2013, Hamilə qadınların qeydiyyatının modernləşdirilməsi ilə səhiyyənin məlumat sisteminin gücləndirilməsi konsepsiyası, 2013, Psixi sağlamlıq sahəsində Milli Strategiya, 2011, Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiya, 2010) İSİM-in gördüyü işlərin vacibliyi və əhatəsi bilinsin.