24 AVQUST 2016
İSİM-də “Azərbaycanda palliativ yardım xidmətinin inkişafı” mövzusunda seminar keçirildi
22 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardım xidmətinin inkişaf perspektivləri” ilə bağlı seminar keçirildi.
Seminarın əsas məqsədi Azərbaycanda palliativ yardım xidməti üçün lazım olan kadr və texniki resursların mövcud vəziyyəti, palliativ yardımın icbari tibbi sığorta sistemində yeri, palliativ yardım xidmətlərinin icma səviyyəsində qurulması və maliyyələşdirilməsi, habelə həkimlər, orta tibb personalı, sosial işçilər vədin xadimlərinin palliativ yardım xidmətlərinin göstərilməsində rolu və vəzifələri haqda iştirakçıları maarifləndirmək olub. Digər bir məqsəd isə İSİM tərəfindən sentyabr ayında başlanılması planlaşdırılmış palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsi mövzusunda tədqiqat haqda iştirakçıları və potensial intervüyerlərin məlumatlandırılması olub. Qeyd edək ki, bu istiqamətdə İSİM tərəfindən fəaliyyət “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.
Tədbirdə İSİM-in əməkdaşları ilə yanaşı palliativ yardım xidmətlərinin təşkili və monitorinqinə marağı olan mütəxəssislər, həkimlər, tibb bacıları iştirak etdilər.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov tədbirdə iştirak edənlərə “Palliativ yardım: insanın həyatı ləyaqətlə başa vurmasına olan hüququ” adlı təqdimat etdi, Azərbaycanda palliativ yardım xidməti üçün səhiyyə sisteminin strategiyaları, dünya ölkələrində və Azərbaycanda palliativ yardım xidmətinin inkişaf tarixi, bu xidmətin modellərinin müqayisəli təhlili, yardım xidmətlərinə olan ehtiyacın dəyərləndirilməsi və əlçatanlığı haqqında faydalı məlumatlar verdi. Tədbirdə palliativ yardımın müalicəsi mümkün olmayan və ya geriyədönməyən ağır xəstəlikdən əziyyət çəkənlər, yataq xəstələri, əlillər, ahıllar, xüsusilə də xərçəng, ürək-damar, böyrək, sinir sistemi və digər ağır xəstəlik diaqnozu qoyulan pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması, onlara və ailə üzvlərinə göstərilən geniş çeşidli xidmətlər sistemi olduğu vurğulandı.
Digər məruzəçi İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev palliativ yardım xidmətləri ilə bağlı Azərbaycan qanunvericiliyi, bu sahədə normativ-hüquqi bazadan danışdı, ölkədə palliativ yardım haqqında qanunun qəbul olunmasının vacibliyini bildirdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.