İSİM-in nümayəndələri tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq seminarda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 MART 2016

İSİM-in nümayəndələri tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq seminarda iştirak etdilər

2016-cı il martın 3-4-də Rusiya Federasiyasının Moskva şəhərində Tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı məsələlər üzrə seminar təşkil olundu. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi tütün əleyhinə mübarizə sahəsində olan ən son elmi nailiyyətlərin və yeniliklərin təqdim edilməsi, ölkələrdə bu sahədə uğurla həyata keçirilən fəaliyyət və strategiyalar barədə məlumatların verilməsi idi. MDB ölkələrindən olan kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Musayev, Aytən Məmmədova və Ayla Ələsgərova təmsil etdilər.

Seminarın açılışında ÜST-nin Avropa Regional Ofisinin Tütünə nəzarət proqramının meneceri Kristina Mauer-Stender, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Salaqay, ABŞ-ın Milli Mətbuat Fondunun nümayəndələri Kris Adams və Reyna Levine və digər mötəbər təşkilatların nümayəndələri çıxış etdilər. Çıxışlarda son on ildə tütün əleyhinə mübarizədə effektiv siyasətin əsas komponentlərinə və onların icrasına, eləcə də təhlükəsizlik strategiyalarına diqqət yetirildi. Həmçinin tütünlə mübarizədə iştirakçı ölkələr arasında əldə olunmuş uğurlardan, tütünçəkmənin qadağan olunmadığı ictimai yerlərin sayının ildən-ilə azalmasından, tütün məhsullarının qablaşdırılmasında istifadə olunan şəkilli xəbərdarlıq üsullarından söhbət açıldı.

Tütünlə mübarizədə effektiv təşəbbüslər barədə təqdimatlarda ölkə təcrübələrinə nəzər yetirildi. Avropa ölkələrinin, xüsusilə İngiltərənin, İsveçrənin, Türkiyənin və Rusiyanın qısa müddət ərzində əldə olunmuş nailiyyətlərindən bəhs edildi. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Salaqay ölkə tərəfindən son 3 ildə atılan mühüm addımlara nəzər saldı. 2013-cü ildə tütün əleyhinə qanunun qəbul olunduğunu, Rusiyada artıq tütündən istifadə yerlərinin sayına məhdudiyyət qoyulduğunu bildirdi.

Daha sonra tütünlə mübarizə sayəsində tütünçəkmə ilə bağlı yaranan xəstəliklərin aradan qaldırılmasından əldə edilmiş müsbət dinamikadan bəhs edən ölkə nümayəndələri MDB ölkələrində olan vəziyyət barədə də çıxışlar etdilər. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Azərbaycanda da tütünçəkmə nəticəsində yaranan qeyri-infeksion xəstəliklərin (QİX) azaldılması sahəsində görülən işlərdən söz açdı. Seminar iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycanda qeyri-infeksion xəstəliklər üzrə mübarizə səhiyyə sisteminin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilib: “Hələ 2012-ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın hazırlanması işinə başlanılmışdır. 23 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın əsas məqsədi Azərbaycanda həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır. Strategiyanın vəzifələri bu xəstəliklərlə mübarizə üzrə səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması, QİX-in risk faktorlarından olan tütündən istifadəni azaltmaq sahəsində işlərin aparılmasıdır. Bizim də İSİM olaraq bu sahədə üzərimizə düşən vəzifələrin icrasında xeyli uğurlarımız var. Əhalinin maarifləndirilməsi məqsədi ilə yenilik olaraq İSİM tərəfindən “Hər günün tütünsüz olsun!” aksiyasına həsr olunmuş www.nosmoke.az saytı yaradılıb, eləcə də tütünlə mübarizəyə aid həm əhali, həm də mütəxəssislər üçün faydalı məlumatları özündə cəmləşdirən www.tobaccocontrol.az elektron portalı istifadəyə verilib.”

Tədbir zamanı seminar iştirakçıları İSİM-in “Hər günün tütünsüz olsun!” aksiyasına da qoşuldular (https://www.facebook.com/media/set/?set=a.891709560894527.1073741852.241602185905271&type=3). Sonda Avropa Regional Ofisinin Tütünə nəzarət proqramının meneceri Kristina Mauer-Stender ÜST tərəfindən media üçün keçirilən bu ilk seminarın davamlı olacağını və ictimai səhiyyənin problemlərindən olan tütünçəkmə ilə mübarizədə uğurlu fəaliyyət üçün KİV nümayəndələrinin yaxından iştirakının vacibliyini, bu sahədə ölkələrarası gələcək əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladı.