4 MART 2016
İSİM-in əməkdaşı gender əsaslı zorakılıqla mübarizəyə dair beynəlxalq seminarda iştirak etdi
2016-cı il martın 3-4-də Türkiyənin İstanbul şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya Regionunda multi-sektoral qruplar tərəfindən gender əsaslı zorakılığa effektiv cavab” mövzusunda seminar keçirildi. Seminar BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) Reproduktiv Sağlamlıq üzrə Şərqi Avropa İnstitutu (EEIRH) ilə əməkdaşlığı çərçivəsində təşkil olundu. Seminarın keçirilməsində məqsəd gender əsaslı zorakılıqla mübarizədə regionlararası əməkdaşlığın gücləndirilməsinə dəstək olmaq idi. Azərbaycan, Efiopiya, Gürcüstan, Qırğızıstan, Moldova Respublikası, Mozambik Respublikası, Serbiya, Tacikistan, Tunis, Türkiyə, Ukrayna, Özbəkistan və Zambiyadan olan səhiyyə, hüquq, psixo-sosial sahənin nümayəndələrinin qatıldığı seminarda Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri təmsil etdilər.
Seminarda gender əsaslı zorakılığa multi-sektoral səviyyədə effektli cavabın funksiyalarına, bu istiqamətdə olan mövcud siyasətə nəzər yetirildi. İnsan haqlarının qorunması, zorakılığa məruz qalanların müdafiə edilməsi, onlarla işin aparılması məqsədilə ölkələrarası əməkdaşlığın vacibliyi diqqətə çatdırıldı. Nümayəndələr zorakılıqla mübarizə istiqamətində təmsil etdikləri ölkələrdə aparılan fəaliyyətdən, bu sahədə həyata keçirilmiş tədqiqatlardan söhbət açdılar.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Azərbaycanda gender zorakılığı ilə mübarizəyə dair aparılmış sorğulardan, tərtib edilmiş metodik vəsaitlərdən bəhs etdi. Həmçinin İSİM tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə bir sıra layihələrin keçirildiyini bildirdi.
Sonda ölkələrdə gender əsaslı zorakılıqla mübarizə istiqamətində aparılan fəaliyyətə dəstəyin verilməsi məqsədilə tövsiyələr dinlənildi.