8 DEKABR 2015
“Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində keçirilmiş sorğunun nəticələri açıqlandı
2015-ci il dekabrın 8-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Təhsil Nazirliyi ilə birgə layihə olan “Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” üzrə məktəblərdə keçirilmiş sorğunun nəticələrinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Sorğu “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 5.2-ci bəndinə uyğun olaraq, cari ilin noyabr ayının sonunda-dekabrın əvvəlində Bakının 15 tam orta məktəbində keçirilib.
Dəyirmi masada “Həyati bacarıqlara əsaslanan biliklər” fənnini tədris edən müəllimlər və məktəblərin tibb işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktor müavini Rahib Məmmədov əhali arasında icbari dispanserizasiya ilə bağlı maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğuladı.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə sorğunun məqsəd və vəzifələrini diqqətə çatdırdı: “Xəstəliklərin profilaktikası və erkən aşkarlanması uşaqları xəstəliklərdən qorumaq üçün ən vacib məqamdır. Bu işin səmərəli aparılmasında da əhali maarifləndirilməlidir. Sorğu nəticəsində şagirdlərin dispanserizasiya ilə bağlı məlumatlılıq səviyyəsi öyrənilib.”
İSİM-in əməkdaşı Cəmilə Kərimova uşaqların icbari dispanserizasiyasına dair normativ hüquqi aktlara nəzər saldı. “Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” layihəsi üzrə məktəblərdə keçirilən sorğunun nəticələri ilə iştirakçıları İSİM-in əməkdaşı İnarə Makayeva tanış etdi. Məruzəçilər diqqəti uşaqların sağlamlığının qorunmasında, xəstəliklərin daha erkən aşkarlanması və effektiv müalicənin aparılmasında icbari dispanserizasiya və sağlam həyat tərzinin vacibliyinə yönəltdilər.
Sonda iştirakçılara maarifləndirmə materialları paylanıldı.