14 DEKABR 2015
İSİM tərəfindən keçirilən 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı layihə uğurla davam edir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2014-cü ildə icrasına başlanılan “5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəssisləri üçün təlimlərin keçirilməsi” layihəsi uğurla davam edir. Layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun texniki dəstəyi ilə həyata keçirilir. Layihənin əsas vəzifəsi hamilə qadınların və 5 yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, eyni zamanda uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası barədə müasir elmə əsaslanmış tövsiyələrdən ibarət rəhbərliyin və pilot təlimlərin keçirilməsi üçün materialların hazırlanmasıdır.
Layihəyə konsultativ dəstəyi ÜST-nin Avropa Regional Bürosunun Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması üzrə məsləhətçisi Aygül Kuttumuratova və Paul Stradınya adına Riqa Universitetinin (Latviyanın Tibb Akademiyası) “Qidalanma” üzrə tədqiqat proqramının rəhbəri, dietologiya üzrə magistr d-r Lolita Vija Neiman göstərir.
Layihə çərçivəsində 5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbər vəsait və təlim materialları hazırlanıb. Rəhbər vəsaitin və təlim materiallarının tərtibi üçün UNİCEF, ÜST, ABŞ Qidalanma üzrə Assosiasiyası, Cənubi Avstraliyanın səhiyyə departamentinin və qidalanma sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların protokolları istifadə edilib, azərbaycan dilinə tərcümə olunub və yerli tələblərə uyğunlaşdırılıb.
Hazırlanmış rəhbər vəsait və təlim materialları əsasında 2015-ci il dekabrın 22-24-də İSİM-də pilot təlimlərin aparılması nəzərdə tutulur. Təlimlərdə ilkin səhiyyə sistemində çalışan 12 həkim-pediatr və 12 tibb bacısı iştirak edərək bilik və bacarıqlarını artıracaqlar. Təlimləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, 2 Nömrəli Bakı Baza Tibb Kollecinin və İSİM-in əməkdaşları aparacaqlar.