19 NOYABR 2015
İSİM-də diridoğulmanın yeni meyarlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübəyə həsr olunmuş seminar keçirildi
2015-ci il noyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirildi. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən seminarda həkim-neonatoloqlar, pediatrlar, reanimatoloqlar və İSİM-in əməkdaşları iştirak etdilər.
Seminar üçün xüsusi dəvət almış BMT-nin Uşaq Fondunun beynəlxalq mütəxəssisi Alla Kurtyanu təqdimatında bir sıra Avropa ölkələrində, o cümlədən Moldovada diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı görülən tədbirlərdən söhbət açdı: “Moldova artıq 2008-ci ildə diridoğulmanın beynəlxalq meyarlarına keçid edib və bu keçidin nəticəsi olaraq, Avropa üzrə vaxtından əvvəl doğulmuş uşaqlara qulluq göstərilməsi ilə əlaqədar müsbət göstəricilər əldə edib.” Beynəlxalq mütəxəssis diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı ictimai maarifləndirmə işinin aparılmasının vacibliyini də önə çəkdi.
BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov ana və uşaq sağlamlığının yaxşılaşdırılması, 2015-ci ilin yanvarın 1-dən diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı Azərbaycanda keçirilən bir sıra maarifləndirmə tədbirləri barədə məlumat verdi.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirildiyini, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz edildiyini, tibb işçiləri tərəfindən müasir texnologiyaların mənimsənildiyini, doğuşayardım xidmətlərinin gücləndirilməsinə şərait yaradıldığını vurğuladı: “Görülən tədbirlər ölkədə çox azçəkili yenidoğulmuşların yaşamasına ümid verir.”
Seminar müzakirələrlə davam etdi.