16 NOYABR 2015
Azərbaycanda Ürək Çatışmazlığı Registrinin tətbiqinə başlanıldı
Registr ilkin mərhələdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının bazasında təsis edilib.
2015-ci ilin noyabr ayında ölkədə Azərbaycan Ürək Çatışmazlığı Registrinin (AÜÇR) praktiki tətbiqinə başlanıldı. Registr Azərbaycan Tibb Universiteti (ATU) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşlığı ilə həyata keçirilir.
AÜÇR-in əsas məqsədi ürək çatışmazlığı diaqnozu ilə hospitalizasiya olunmuş və ambulator qaydada təqib olunan xəstələr haqqında məlumatın, onların diaqnostika və müalicə nəticələrinin toplanılması və təhlilidir. Toplanılmış məlumatların təhlili əsasında müalicəvi, diaqnostik, profilaktik, habelə reabilitasiya ilə bağlı qısa və uzunmüddətli hədəf proqramlarının yaradılması, müdaxilə tədbirlərinin işlənib hazırlanması və icrası nəzərdə tutulub.
AÜÇR ilkin mərhələdə ATU-nun Tədris-Terapevtik Klinikasının (TTK) bazasında pilot olaraq Klinik Registr kimi təsis edilib. Klinikanın Ürək-Damar Mərkəzində Ürək Çatışmazlığı diaqnozu ilə müayinə və müalicə olunan xəstələrin qeydiyyatına başlanılıb. Bunun üçün ekspertlər qrupu tərəfindən xüsusi sorğu anketi hazırlanıb və onlayn elektron forma şəklində proqramlaşdırılıb.
Qeydiyyatdan keçən ürək çatışmazlığından əziyyət çəkən xəstələrin diaqnostikası və müalicəsində istifadə edilən strategiyalar, beynəlxalq kardioloji cəmiyyətlər və Səhiyyə Nazirliyinin təsdiq etdiyi klinik protokollarda yer almış tövsiyələrin tətbiqi qiymətləndiriləcək, nəticələr təhlil ediləcək. Bu barədə elmi və ictimai səhiyyəyə dair dərgilərdə mütəmadi məlumatlar veriləcək.