11 SENTYABR 2015
İSİM-də sağlamlıqla bağlı iki yeni portal təqdim olundu
2015-ci il sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirildi. Təqdimatda 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az portalı çərçivəsində iki əlavə maarifləndirici portal – BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv Sağlamlıq Portalı” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qurulmuş “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portalı” barədə məlumat verildi. Tədbirdə portalların yaradıcıları olan İSİM-in layihə komandası, BMT-nin Əhali Fondunun (UNFPA) əməkdaşları, KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçılarını salamlayan İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Səadət Hənifəyeva təqdimatın keçirilməsinin məqsəd və vəzifələrini açıqladı: “Sağlamlığımızı qorumaq üçün xəstəliklərin profilaktikası və risk faktorları ilə bağlı hər birimizin məlumatlı olmağımız vacibdir. Bu sahədə innovativ texnologiyaların tətbiqi isə əhalinin tibbi maarifləndirilməsinə daha kompleks yanaşmağa imkan yaradır. Bunu nəzərə alan İSİM BMT-nin Əhali Fondu və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıqla bağlı iki məlumat portalının yaradılmasına nail olub.”
Portallar barədə təqdimatı İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini, adı çəkilən portalların koordinatoru və layihə müəllifi Nabil Seyidov etdi. Məruzəçi müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə “Qeyri-infeksion xəstəliklərə (QİX) dair Məlumat Portalı”nın ərsəyə gəldiyini vurğuladı: “Burada sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik, ağciyərlərin xronik xəstəlikləri və astmanın profilaktikası barədə ətraflı məlumat və tövsiyələr, habelə iş yeri ilə bağlı stress və onun idarə olunması, uşaqlar və böyüklərdə onkoloji xəstəliklərin erkən aşkarlanması və profilaktikasına dair digər faydalı məlumatlar yer alıb. Bununla yanaşı, istənilən şəxs portalda yaradılmış “Sağlamlığımı qiymətləndir” bölməsinə daxil olaraq, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər əldə edə biləcəkdir.”
N.Seyidov digər portal barədə də məlumatı diqqətə çatdırdı: “"Reproduktiv Sağlamlıq Portalı”nın əsas məqsədi ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, mamalıq ağırlaşmalarının profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsinin təmin edilməsidir. Burada sübutlu təbabətin ən son məlumatları əsasında geniş əhalinin asan başa düşə biləcəyi dildə fizioloji hamiləlik və doğuş, hamiləlik dövrünün infeksiyaları və onların müalicəsi, yenidoğulmuşlara qayğı, hamiləlik dövründə şəkərli diabet, yüksək qan təzyiqi və çəki artımı, doğuş zamanı və doğuşdan sonra baş verən qanaxmalar və onların profilaktikası, habelə kişi və qadınlar, uşaq və yeniyetmələr üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair məlumatlar yerləşdirilib. Bununla yanaşı, istənilən qadın portalda yaradılmış “Mənim reproduktiv sağlamlığım” bölməsinə daxil olaraq, reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə bilər. Həmin qiymətləndirmə sayəsində istənilən qadın sağlam hamiləlik və doğuş üçün risk faktorlarını müəyyən etmək və onların aradan qaldırılması üçün dəyərli məsləhətlər əldə edə biləcək.”
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev layihənin həyata keçirilməsində əməkdaşlıq üçün İSİM-ə minnətdarlığını bildirdi.
Portallarda yerləşdirilən məlumatlar tibb elminin ən son tövsiyələrinə əsaslanır və onların hazırlanmasında UNİCEF, UNFPA, ÜST, ABŞ-ın CDC, Böyük Britaniyanın NHS və NİCE təşkilatları və digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materiallarından istifadə edilir. Portallar barədə ətraflı məlumatı www.saglamliq.isim.az elektron sağlamlıq portalından əldə etmək olar.