22 SENTYABR 2015
İSİM-in əməkdaşı İtaliyada ictimai səhiyyə sahəsində təşkil olunmuş Yay Məktəbində iştirak etdi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetinin İctimai Səhiyyə və İnfeksion Xəstəliklər kafedrası tərəfindən təşkil olunmuş “Sistematik təhlil və meta-analiz” mövzusunda Yay Məktəbində iştirak etdi.
2015-ci il sentyabrın 14-17-də təşkil olunmuş Yay Məktəbində Avropadan olan 17 mütəxəssisə ictimai səhiyyə, habelə kardiologiya, infeksion xəstəliklər və s. sahələr üzrə elmi tədqiqatların aparılması, klinik tədqiqatların və elmi məqalələrin metodoloji keyfiyyətinin qiymətləndirilməsi, tədqiqatların və genetik araşdırmaların meta-analizi, kompüter proqramlarının istifadəsilə sistemli təhlillərin aparılması tədris olundu. Yay məktəbi çərçivəsində praktik seminar-məşğələlər və mühazirələr Avropanın bu sahədə tanınmış mütəxəssisləri olan professorlar Cüzeppe Le Torre, Paulo Villari, Cüzeppe Biondi-Zokkai və Stefania Botsia tərəfindən təqdim olundu.