7 SENTYABR 2015
İSİM tərəfindən aparılmış “Sübutlu təbabət və klinik protokolların tətbiqinə dair araşdırma”nın nəticələri müzakirə edildi
Araşdırma ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin klinik protokollar və sübutlu təbabət barədə məlumatlılıq səviyyəsini, həmin protokolların onların gündəlik fəaliyyətində nə dərəcədə gərəkli olduğunu aşkarlamaq məqsədi daşıyıb.
2015-ci il sentyabrın 7-si Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sübutlu təbabət və klinik protokolların tətbiqinə dair araşdırmanın nəticələri” mövzusunda tədbir keçirildi. Tədbirdə İSİM-in əməkdaşları və 2015-ci ilin may-iyun aylarında aparılmış araşdırmada iştirak etmiş Bakı tibb müəssisələrinin baş həkimləri və tibb mütəxəssisləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov İSİM-in 8 ildir ki, klinik protokolların tətbiqi sahəsində çalışdığını qeyd etdi. Bildirdi ki, İSİM-in tərəfindən həyata keçirilmiş bu mühüm araşdırma respublikada ilk dəfədir ki aparılıb və araşdırma nəticəsində əldə olunmuş məlumatlar gələcəkdə hazırlanacaq klinik protokollar və praktik tövsiyələrin tərtibi və təkmilləşdirilməsi prosesinin yaxşılaşdırılmasında, eləcə də klinik protokolların yerlərdə tətbiqi üzrə davamlı mexanizmlərin işlənilməsində geniş istifadə olunacaq.
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov aparılan araşdırmaların vacibliyindən, bu sahədə olan milli və beynəlxalq təcrübədən söhbət açdı.
Sorğunun mahiyyəti, metodologiyası, təşkili və gedişatı haqqında İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova ətraflı məlumat verdi. Məruzəçi layihə çərçivəsində cari ilin iyun-iyul aylarında Bakının Xətai, Səbayıl, Yasamal, Xəzər və Nəsimi rayonlarında, eləcə də Gəncə və Mingəçevir şəhərlərində, habelə Xızı, Qax, Lənkəran, Qusar, Ağdam və Şamaxı rayonlarında həkimlər arasında sorğuların keçirildiyini nəzərə çatdırdı. Bildirdi ki, mövcud və gələcəkdə hazırlanması planlaşdırılan klinik protokollar və praktik tövsiyələrin yaxşılaşdırılmasına dair fikir və tövsiyələr öyrənilib. Eyni zamanda sübutlu təbabət və xəstələrin diaqnostika və müalicəsinə dair qərarların qəbulunda sübutlu təbabət prinsiplərinin tətbiqi vəziyyəti də qiymətləndirilib. Sorğuya ümumi hesabla ilkin səhiyyə xidmətinə aid edilən böyüklər və uşaqlar üçün poliklinikalarda və qadın məsləhətxanalarında çalışan ümumi profilli və ixtisaslaşmış 1342 həkimin cəlb edildiyi bildirildi.
Araşdırmanın nəticələrinin geniş sxematik təhlilini nümayiş etdirən Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidovun təqdimatına görə, sorğu nəticəsində həkimlərin 60.7%-nin sübutlu təbabət barədə məlumatlı olduğu, 79%-nin klinik qərarların qəbul edilməsində klinik protokollardan mütəmadi və ya tez-tez istifadə etdiyi bəlli olmuşdur. Respondentlərin 38.6%-i İSX-də çalışan həkimlər üçün azərbaycan dilində yeni klinik protokolların hazırlanmasına zərurət olmasını bildirmişdir. Klinik protokolların və sübutlu təbabətin tətbiqində maneələrə gəldikdə isə təlimlərin çatışmazlığı həkimlərin 45%-i, azərbaycan dilində kifayət qədər klinik protokolların olmaması 33.5%-i və mövcud protokolların əlçatan olmaması 24.9%-i tərəfindən qeyd edilmişdir.
Çıxışlar iştirakçıların böyük marağına səbəb oldu və təqdimatın sonunda fikir mübadiləsi aparıldı.