25 İYUN 2015
Azərbaycan ekspertləri Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak etdilər
2015-ci il iyunun 23-dən 25-dək Gürcüstanın paytaxtı Tbilisidə “Regionda ana və uşaq sağlamlığı üzrə əldə olunan nailiyyətlər, problemlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın keçirilməsində məqsəd ana sağlamlığının yaxşılaşdırılması üçün klinik idarəetmənin gücləndirilməsi idi.
BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Gürcüstan və digər Cənubi Qafqaz ölkələrindən, Türkiyədən gələn mütəxəssislər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq təşkilatların ekspertləri iştirak etdilər. Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzini (İSİM) Töhfə Cəmilova, Afət Məmmədova və Teymur Hüseynov təmsil etdilər.
Konfransı Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze açaraq dünyada və regionda ana və uşaq ölümləri barədə məlumat verdi, bu hallara qarşı mübarizənin gücləndirilməsinin, bu sahədə milli fəaliyyət proqramlarının hazırlanmasının, təcrübə mübadiləsinin əhəmiyyətindən söhbət açdı.
Türkiyə nümayəndəsi Gökhan İldırımkaya, BMT-nin Əhali Fondunun Gürcüstan üzrə nümayəndəsi Tamar Komaşelidze, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun nümayəndəsi Gülnarə Rzayeva, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndələri Fərid Babayev və Ramiz Hüseynov, İSİM-in və beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları maraqla qarşılandı. Məruzəçilər ana və uşaq sağlamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlər, bu sahədə yeni klinik standartların və protokolların tətbiqi, əldə olunan təcrübələr, müasir üsullar və metodologiyalar barədə məlumat verdilər. Eləcə də tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə klinik auditin keçirilməsi, müxtəlif metodikaların (ana ölümü hallarının anonim təhqiqi və s.) tətbiqi təcrübəsinin ölkələrdə həyata keçirilmə imkanları barədə müzakirələr aparıldı.
Konfransda həmçinin Azərbaycanda Səhiyyə Nazirliyinin ana ölümünün azaldılması sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edildi. Azərbaycanda ana ölümünün kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının hazırlandığı və 2014-cü ildən bu proqramın qəbul olunduğu nəzərə çatdırıldı. Həmçinin nazirlik ilə BMT-nin birgə fəaliyyəti, xüsusi proqram və layihələrindən bəhs edildi. Məruzələr ətrafında Azərbaycan nümayəndələrinin çıxışları, səsləndirdikləri fikirlər, irəli sürdükləri təkliflər maraqla qarşılandı.
Beynəlxalq konfransın sonunda Türkiyə və Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının yaxşılaşdırılması üzrə fəaliyyət planı, eləcə də tövsiyə xarakterli sənəd qəbul olundu. Bütün iştirakçı ölkələr bu sənəddə əksini tapacaq metod və tövsiyələrdən istifadə edəcəklər.