30 İYUN 2015
Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqi həyata keçirilir (FOTO)
Məqsəd - ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsidir.
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması nəzərdə tutulub. Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) dəstəyi ilə “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri”nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.
2015-ci il iyunun 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün Hamilə Qadınların Elektron Reyestrinin istifadəsi”nə dair seminar keçirildi. “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisinin rəhbəri Kamran Qaraxanov, Bakı şəhərində fəaliyyət göstərən doğum evlərinin baş həkimləri, qadın məsləhətxanalarının müdirləri iştirak etdilər.
Giriş sözü ilə İSİM-in direktoru Ceyhun Məmmədov çıxış etdi: ““Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin məqsədi ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılmasıdır. Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb – “Uşağın İmmunizasiya Pasportu” elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb. Qazaxıstanda hamilələrin reyestrinin təşkili çox uğurla həyata keçirilir. Seminarın keçirilməsində məqsəd Qazaxıstandan dəvət olunmuş beynəlxalq ekspertin iştirakı ilə monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul olunması üçün həmin reyestrin istifadə edilməsinə dair təcrübə mübadiləsinin aparılmasıdır.”
“Azərbaycanda hamilələrin reyestri” mövzusunda Səhiyyə Nazirliyinin nümayəndəsi Təhminə Tağızadənin təqdimatı nəzərə çatdırıldı: “Hamilələrin reyestri – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı bazadır.” Təqdimatda hamilələrin reyestrinin əhəmiyyəti, hamilələrə informasiya baxımından yaratdığı imkanlardan söhbət açıldı.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova Azərbaycanda hamilələrin reyestrinin təşkili konsepsiyası haqqında ətraflı məlumat verdi: “Minilliyin İnkişaf Məqsədlərindən 3-ü səhiyyə məsələlərinə yönəldilib. Bu məqsədlərdən irəli gələrək ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb. Görülən tədbirlər sayəsində Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.”
“Hamilələrin elektron reyestri” ilə bağlı proqramla iştirakçıları Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin nümayəndəsi Süleyman Əliyev tanış etdi.
Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Respublika Səhiyyənin İnkişafı Mərkəzinin Profilli xidmət standartlarının tərtibi şöbəsinin müdiri Jazira İmanova bir neçə təqdimat etdi. Təqdimatlarda hamilələrin və fertillik yaşında olan qadınların elektron reyestrinin yaradılması üzrə Qazaxıstan Respublikasının təcrübəsindən bəhs etdi. Eyni zamanda Qazaxıstan Respublikasında ana və uşaqlara tibbi yardımın təşkili, hamilələrin və fertillik yaşında olan qadınların elektron reyestrinin istifadəsi, reyestr işinin nəticələrinin monitorinqi, qiymətləndirilməsi, idarəetmə qərarlarının qəbul edilməsi haqqında da məlumat verdi.
Təqdimatların sonunda fikir mübadiləsi aparıldı. Beynəlxalq ekspertin iştirakı ilə keçirilən seminar iştirakçılara bilik və təcrübə qazandırdı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.