14 MAY 2015
“MDB-yə üzv ölkələrdə sağlam həyat tərzinin təbliğində innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfrans Bakıda keçirildi (FOTO)
Məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsində müasir üsul və yanaşmalardan istifadə təcrübəsinin bölüşdürülməsi idi.
2015-ci il mayın 12-14-də “Monolit Plaza” otelində “MDB-yə üzv ölkələrdə sağlam həyat tərzinin təbliğində innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirildi. Gənclər və İdman Nazirliyi və “ADDIM” Gənclər Təşkilatı tərəfindən keçirilən konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri ekspert qismində iştirak etdilər.
Konfransın açılışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirdi ki, konfransın keçirilməsində məqsəd gənclərin sağlamlığının qorunmasına xidmət edən sosial və innovativ texnologiyaların təbliği, beynəlxalq əlaqələrin genişləndirilməsidir. “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə isə gənclər arasında sağlam həyat tərzinin təbliğində qeyri-hökumət təşkilatlarının rolundan bəhs etdi.
Konfrans İSİM-in şöbə müdirləri Səbinə Babazadə, Aynur Rəşidova və Tofiq Musayevin fasilitatorluğu ilə sessiyalarla davam etdi. Sessiyalarda Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan nümayəndələrinin təqdimatları oldu.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova “Sosial-kommunikativ innovasiyalar nöqteyi-nəzərindən sağlam həyat tərzi” mövzusunda təqdimat etdi. “Gənclər arasında fiziki aktivliyin təşviqində xidmətlər və innovativ yanaşmalar” mövzusunda isə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış etdi. “Zərərli vərdişlərin (tütünçəkmə, alkoqol və narkotikdən istifadə) profilaktikası” mövzusunda İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təqdimat etdi. Təqdimatlarda gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə İSİM tərəfindən görülən tədbirlərdən, maarifləndirmə kampaniyalarından söhbət açıldı.
Konfransda həmçinin “Gənclərin sağlam və təhlükəsiz həyat tərzi mədəniyyəti”, “Fiziki mədəniyyətin və idmanın aktual məsələləri”, “Sağlam qidalanma”, “Sağlam həyat tərzi və kompüter texnologiyaları, mobil proqramlar”, “Gənclərin reproduktiv sağlamlığı”, “Gənclərin psixi sağlamlığı və psixoloji vəziyyəti” mövzularında məruzələr dinlənildi.
Təqdimatlar ətrafında müzakirələr oldu, təklif və tövsiyələr nəzərə çatdırıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.