15 APREL 2015
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2015-ci il aprelin 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyi, BMT-nin Uşaq Fondu (UNİCEF), Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Xəzər Qayğıkeşlik Layihəsi və “BUTA” Humanitar Uşaq Fondunun nümayəndələri iştirak etdilər.
İSİM-in direktor müavini Rahib Məmmədov apreldə keçirilmiş tədbirlər barədə məlumat verdi: “ “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində silsilə tədbirlərin keçirilməsində məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək idi. “Fiziki aktiv olarsan, sağlamlığına təməl qoyarsan!” şüarı altında gənclərin sağlamlıq festivalı da böyük marağa səbəb olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkilatçısı olduğu festivalın məqsədi gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğ edilməsi idi.”
R.Məmmədov “7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı keçirilən maarifləndirmə aksiyaları barədə də ətraflı söhbət açdı: “Məqsəd əhaliyə qida və ərzaq məhsullarının təhlükəsizliyinin vacibliyini çatdırmaq idi. Aksiyalarda İSİM tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarx nümayiş etdirilib və çap materialları paylanılıb.” R.Məmmədov həmçinin QİÇS-lə bağlı yeni klinik protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndiyini diqqətə çatdırdı.
Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova icma əsaslı reabilitasiya mərkəzlərinin hazırkı fəaliyyətindən bəhs etdi. O cümlədən Fransadan dəvət olunmuş mütəxəssislər tərəfindən sosial iş üzrə təlimlərin keçirildiyini bildirdi: “Bundan əlavə, “Joy” Uşaq İnkişaf Mərkəzinin tibb mütəxəssisləri tərəfindən nevroloji problemi olan uşaqların valideynləri və həkimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.”
BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov BMT-nin Uşaq Fondu və Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən aparılmış Milli Qidalanma Sorğusunun nəticələrinin açıqlandığı barədə məlumat verdi: “Sorğunun aparılmasında məqsəd ana və uşaqların mikronutriyentlərlə qidalanma səviyyəsinin öyrənilməsi olub.” N.Umarov eləcə də uşaqların erkən inkişafı istiqamətində Ankaradan dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlərin keçirildiyini nəzərə çatdırdı.
Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirilməsi Komissiyası Katibliyinin texniki koordinatoru Afaq Novruzova vərəm üzrə layihənin yaxın günlərdə təsdiq olunaraq Qlobal Fonda təqdim ediləcəyini bildirdi. QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramına (UNAİDS) İİV-lə bağlı yeni hesabatın təqdim edildiyindən söhbət açdı. Həmçinin QİÇS-dən vəfat edən insanların Ümumdünya xatirə günü ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini vurğuladı.
Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus bir neçə təşkilatla müqavilə əsasında bölgələrdə göz xəstəlikləri ilə əlaqədar müayinələrin davam etdiriləcəyini bildirdi.
“BUTA” Humanitar Uşaq Fondunun sədri Nazim İbadov təşkilatın missiyasının qaçqın, məcburi köçkün, əlil və valideynlərini itirmiş uşaqların problemləri və onları əhatə edən mühitin araşdırılması olduğunu nəzərə çatdırdı: “Layihələr çərçivəsində məcburi köçkün uşaqların psixososial reabilitasiyası üçün müxtəlif dərnəklər yaradılıb, uşaq evlərində müəllimlərin psixoloji vəziyyətlərini araşdırmaq məqsədi ilə monitorinq və qiymətləndirmə aparılıb.”
Sonda çıxışlar ətrafında ümumi fikir mübadiləsi aparıldı.