30 MART 2015
İSİM-in mütəxəssisləri Türkiyədə təşkil olunmuş “Fövqəladə hallarda ictimai səhiyyənin təşkili” mövzusunda beynəlxalq təlim kursunda iştirak etdilər
2015-ci il martın 23-27-də Türkiyənin İzmir şəhərində Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyinin Fövqəladə hallar üzrə təlim mərkəzində “Fövqəladə hallarda ictimai səhiyyənin təşkili” mövzusunda beynəlxalq təlim kursu keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil olunmuş təlimdə Türkiyə, Livan, Fələstin, İordaniya Həşimi Krallığı, Kosovo, Moldova, Ukrayna, Azərbaycan və Türkmənistanın ictimai səhiyyədə çalışan nümayəndələri iştirak etdilər. Təlimdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov və həkim-metodisti Teymur Hüseynov təmsil etdilər.
Təlimdə fövqəladə hallara BMT və ÜST-nin yanaşması, mövzu ilə əlaqədar milli kursların təşkili, yoluxucu xəstəliklərə nəzarət, ətraf mühit və su mənbələrinin təmiz saxlanılması barədə təqdimatlar oldu. Eləcə də reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı, fövqəladə halların idarə edilməsi, fövqəladə hallarda təxirəsalınmaz səhiyyə xidmətləri, risklərin qiymətləndirilməsi kimi mövzularla bağlı fikir mübadiləsi aparıldı.
Təlim çərçivəsində iştirakçılar həmçinin İzmir şəhərinin təxirəsalınmaz tibbi yardım sistemi ilə tanış oldular və təlim mərkəzində fövqəladə halın simulyasiyasında iştirak edərək təcrübə qazandılar.