7 FEVRAL 2015
Mingəçevirdə “Uşaqların icbari dispanserizasiyası və uşaq xəstəliklərinin erkən aşkarlanması və profilaktikası” mövzusunda təlim kursu keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən pilot layihə çərçivəsində sonuncu təlim kursu 2015-ci il fevralın 5-7-də Mingəçevirdə fəaliyyət göstərən “Ana və Uşaq” Müalicə Sağlamlıq Mərkəzinin poliklinika şöbəsinin və 1 uşaq poliklinikasının 26 pediatrı üçün təşkil olundu. Uşaqların dispanserizasiyasını həyata keçirən ilkin səhiyyə işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında keçirilən təlimi İSİM-in əməkdaşları Nabil Seyidov və İradə Cəfərova, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları Mətanət Qaraxanova və Nigar Hacıyeva apardılar.
Təlimdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası", "Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları", "Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası", İSİM-in hazırladığı klinik protokollar və metodik tövsiyələr əsasında uşaqların icbari dispanserizasiyasının təşkili məsələləri, habelə dispanserizasiya çərçivəsində bir sıra xəstəliklər, bu xəstəliklərin profilaktikası və erkən aşkarlanması, eləcə də diaqnostikası ilə bağlı təqdimatlar nümayiş etdirildi.
Uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrində kadrların təkmilləşdirilməsi məqsədilə keçirilmiş təlimlər uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilib.