10 FEVRAL 2015
“Gənc Qan Donorlarının İlk Regional Forumu” Gəncədə keçirildi (VİDEO)
Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi keçirilməsi qərara alınıb. Bu günün mahiyyəti bütün dünyada könüllü donorluq ənənəsini yayaraq genişləndirməkdir.
Azərbaycanda qan donorluğu sahəsində ilk milli forum 2014-cü il iyunun 14-də Bakıda keçirilib. Hazırda bu ənənə regionlarda da davam etdirilməkdədir.
Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2015-ci il fevralın 10-da Gəncədə Ramada Plaza Otelinin “Kəpəz” zalında “Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu” keçirildi. Respublikamızın qərb region gənclərini əhatə edən və Gəncə şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, eyni zamanda ölkənin gənclər və səhiyyə sahəsində aparıcı qeyri-hökumət təşkilatları olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, "Qan Donorları" Assosiasiyası, “Hematologiyanın İnkişafına Dəstək” İctimai Birliyi, "Azərbaycan Talassemiya Federasiyası" İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi təşkilatçılığı ilə keçirilən Forumda dövlət qurumları və səhiyyə sahəsində çalışan QHT nümayəndələri ilə yanaşı, rayon ictimaiyyəti də iştirak etdi.
İlk olaraq, Forum iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Rəsmi açılışdan sonra mövzu ilə əlaqədar videofilm nümayiş olundu. Daha sonra məruzələr dinlənildi.
Forumda çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva mövzu üzrə ilk regional forumun məhz Gəncədə keçirilməsini müsbət qiymətləndirdi: “Donorluq şərəfli iş olmaqla yanaşı, həm də insan həyatını xilas etmək deməkdir.”
Donor qanına tələbatın ödənilməsinə yönəldilən Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrlərindən söhbət açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə İSİM-in qan donorluğu ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində uğurlu fəaliyyətindən bəhs etdi.
Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva, Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Tahirə Məmmədova könüllü təmənnasız qan donorlarının sayının artırılması sahəsində keçirilmiş tədbirlərin əhəmiyyətini vurğuladılar.
“Ümumdünya Qan Donoru Günü” münasibətilə təşkil olunmuş Azərbaycan Gənc Qan Donorlarının I Forumundan söhbət açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Azərbaycan Talassemiya Federasiyasının təsisçisi Gülgün Abbasova, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova diqqəti qan komponentlərinin və preparatlarının əlçatan olmasının və könüllü təmənnasız qan donorlarının sayının artırılmasının vacibliyinə yönəltdilər: “ÜST bildirir ki, ən təhlükəsiz qanın mənbəyi daimi, könüllü və təmənnasız donorluqdur. Qan verən insanlara edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyətin vurğulanması, donorluğa yeni insanların cəlb edilməsi istiqamətində görülən fəaliyyətin regionlarda da təşkili təqdirəlayiq haldır.”
Məruzələrdə həmçinin donorluğun şərəfli iş olmaqla yanaşı, həm də donorun sağlamlığının təminatı olduğu nəzərə çatdırıldı: “400-500 milli litr qan götürmək insanın sağlamlığına mənfi təsir etmir, əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntülərinin azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır”.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Rəşidova jurnalistlərə müsahibəsində donorluğun mənəvi dəyərlərinin böyük olduğunu və bu işdə gənclərin, ümumilikdə ictimaiyyətin fəallığının vacibliyini vurğuladı.
Forum çərçivəsində donorların iştirakı ilə çəkilmiş “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” və Qan Donorlar Assosiasiyasının videoçarxlarının nümayişi maraqla qarşılandı.
Məruzələrdən sonra il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və qan donorları mükafatlandırıldılar. Eləcə də “Gənc Qan Donorlarının ilk Regional Forumu” nun təşkilatçıları adından Gəncə şəhər İcra Hakimiyyəti yaratdığı şəraitə görə “Təşəkkürnamə” ilə mükafatlandırıldı.
Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətlərin müzakirəsindən sonra tövsiyələr hazırlandı və yekun sənəd oxundu. Sonda Azərbaycan Gənc Qan Donorlarının I Forumunun videoçarxı nümayiş etdirildi və növbəti Regional Forumun keçiriləcəyi rayona estafet (simvolik olaraq qan damlası) ötürüldü.
Regional Forumun növbəti mərhələsi ölkənin cənub bölgəsində keçiriləcək. Bununla da qan donorluğu şəbəkəsinin genişləndirilməsinə təkan veriləcək.