12 APREL 2013
“Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində fəaliyyət davam edir
Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən keçirilən tədbirlərin məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
2013-cü il aprelin 6-da Bakının Nərimanov rayonunda yerləşən S.Xasıyev adına parkda Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festival keçirildi və bununla “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında aksiyaya start verildi. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nərimanov Rayon Gənclər və İdman İdarəsi, “Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən Coca-Cola Fondunun iştirakı ilə təşkil olunmuşdur.
Festivalda fiziki aktivliklə bağlı bir sıra müsabiqələr keçirildi. Müsabiqələrdə həmçinin orta məktəb şagirdləri ilə bərabər sağlamlıq imkanları məhdud olan uşaqlar da aktiv iştirak etdilər. Sonda bütün iştirak edən məktəb şagirdləri sertifikat və medallarla təltif olundu, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, kubok və hədiyyələrlə mükafatlandırıldılar.
Aprelin 8-dən etibarən bir həftə ərzində “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında keçirilən aksiya çərçivəsində İSİM-in əməkdaşları tərəfindən məktəblərdə şagirdlər arasında maarifləndirmə işlərinə başlanıldı. Aksiya çərçivəsində Heydər Əliyev adına lisey, Nərimanov rayonu 177 №-li, Xətai rayonu 27 №-li, Nizami rayonu 210 №-li, Nəsimi rayonu 23 №-li məktəbin yuxarı, orta və aşağı sinifləri əhatə olundu.
Təqdimatlarda sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın 3 əsas prinsipi, suyun faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar verildi. Hər bir yaş dövrü üçün ayrı-ayrı hazırlanan təqdimatlarda uşaqların marağını qoruyub saxlamaq üçün fiziki aktivliklə bağlı müəyyən oyunlar da keçirildi.
Auditoriya fiziki aktivliklə məşğul olmağın müsbət nəticələri ilə tanış oldu, yeni biliklər əldə etdi. Öyrənilənlərin təkrarı məqsədilə şagirdlər sorğu-sual olundular. Aksiya zamanı fərqlənən iştirakçılara kampaniya çərçivəsində hazırlanan maarifləndirici buklet, təqvim, bloknot, plakatlar paylanıldı, mövzu ilə əlaqədar videoçarxlar nümayiş olundu.
Maarifləndirici kampaniyada iştirak edən hər bir məktəb fəallığı ilə seçildi və bu cür kampaniyaların tez-tez keçirilməsi xahiş olundu.
Gələn həftə isə ofis şəraitində işləyənlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır.