10 APREL 2013
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2013-cü il aprelin 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (AbtAssociates), Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), BMT-nin Uşaq Fondu (UNICEF), “World Vision” və digər təşkilatların nümayəndələri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçılara Mərkəzin hazırkı və planlaşdırılan fəaliyyətindən söz açdı. İSİM, Səhiyyə Sektorunda İslahatlar layihəsi, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin birgə əməkdaşlığı nəticəsində Qeyri-infeksion xəstəliklərlə mübarizə mövzusunda hazırlanan strategiyanın artıq tamamlandığı barədə məlumat verən direktor bu strategiyanın hazırlanmasında beynəlxalq ekspertlərin də öz tövsiyələrini verdiyini bildirdi. Həmçinin aprelin 16-da həmin strategiyanın ilkin variantının təqdimatının keçirilməsinin də nəzərdə tutulduğunu vurğuladı.
Daha sonra “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən İSİM-lə digər dövlət və QHT-nin birgə əməkdaşlığı çərçivəsində aprelin 6-da “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında keçirilən festival, Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar aprelin 7-də “Park Bulvar” AVM-də “Qan təzyiqini nəzarətdə saxla. İnfarkt və insultun riskini azalt!” şüarı altında keçirilən kampaniya haqqında qısa məlumat verdi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemiologiya şöbəsinin həkimi hər il mayın üçüncü bazar gününün bütün dünyada QİÇS xəstəliyindən dünyasını dəyişənlərin xatirə günü kimi qeyd olunduğunu və Azərbaycanda da bu günün qeyd olunması üçün tədbirlər planının hazırlandığını vurğuladı.
Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsini təmsil edən Ayla Ələsgərova vərəm xəstəliyi üzrə klinik protokolların istifadəsi və tətbiqi məqsədilə bir sıra rayonlarda keçirilən təlimlərdən söhbət açdı. Daha sonra A.Ələsgərova İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin “Ailə planlaşdırılması” mövzusunda birgə layihəsi haqqında məlumat verdi.
Səhiyyə Sektorunda İslahatlar layihəsi çərçivəsində İSİM-də keçirilən səhiyyə menecerləri üçün təlimdən bəhs edən Səkinə İsmayılova daha sonra hazırda on beş yoluxucu xəstəliklər üzrə standart əməliyyat prosesinin beynəlxalq mütəxəssislər tərəfindən hazırlandığını nəzərə çatdırdı.
Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında 2012-2013-cü illər üçün imzalanmış iş planına əsasən ölkədə keçirilən Milli Qidalanma Sorğusu üzrə işlərin yekunlaşmaqda olduğunu vurğulayan Gülnar Məmmədova sonda Fond tərəfindən görülən mütəmadi işlərdən danışdı.
“World Vision” təşkilatının səhiyyə proqramları üzrə mütəxəssisi Günel İsmayılova təşkilatın fəaliyyəti haqqında təqdimatla çıxış etdi. Təşkilatın yaranma tarixi və əsas məqsədlərinə qısa nəzər salan G.İsmayılova o cümlədən gerçəkləşdirilən layihələr barədə iştirakçıları məlumatlandırdı.