7 APREL 2013
7 aprel – Ümumdünya Sağlamlıq Günüdür
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən etibarən Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemə həsr olunur. 2013-cü ilin bu gününün əsas müzakirə hədəfi ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərindən sayılan hipertoniyadır.
Hipertoniya və ya yüksək arterial təzyiq infarkt, insult və böyrək çatışmazlığı riskini artırır, bu xəstəliyə nəzarət olunmazsa, korluğa, aritmiyaya və ürək çatışmazlığına gətirib çıxara bilər. Dünyada yaşlıların təxminən 40%-də inkişaf edən hipertoniya hər il baş verən 9 milyon ölüm halının səbəblərindəndir. Məhz Ümumdünya Sağlamlıq Gününün keçirilməsində məqsəd ürək-damar xəstəliklərinin sayının azaldılması üçün arterial təzyiqin səbəb və nəticələrinin araşdırılması, hipertoniyanın profilaktikasıdır.
Yüksək arterial təzyiq vaxtında aşkarlanarsa, qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Buna baxmayaraq, aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə insanların əksəriyyəti əsas tibbi xidmətlərdən faydalana bilmirlər. Yüksək arterial təzyiqin inkişaf riskini azaltmaq üçün düzgün qidalanma, zərərli vərdişlərdən imtina, mütəmadi fiziki aktivlik vacibdir. Həmçinin problemin həlli yolunda ictimaiyyət də böyük rol oynayır.
Bütün dünyada, eləcə də Azərbaycanda bu gündə ictimaiyyətin diqqətini problemin əhəmiyyətinə yönəltmək və problemin həllinə yardım göstərmək üçün maraqlı tərəflərin bir araya gətirilməsi məqsədilə silsilə görüşlər, tədbirlər keçirilir.
Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar tədbirlərin davamı kimi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən aprelin 7-də “Park Bulvar” AVM-də “Qan təzyiqini nəzarətdə saxla. İnfarkt və insultun riskini azalt!” şüarı altında kampaniya keçirildi.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova çıxışında Ümumdünya Sağlamlıq Gününün keçirilməsinin mühüm əhəmiyyətini vurğuladı: “Əksər hallarda insanlar orqanizmdə baş verən dəyişikliklərin yorğunluq, stress və digər səbəblərdən yarandığını düşünürlər. Hipertoniya nəinki yaşlı insanlarda, hətta gənclərdə də inkişaf edə bilər. Azərbaycanda bu xəstəliyin qarşısının alınması istiqamətində məlumatlılığın artırılması vacibdir.”
İctimai səhiyyənin qarşısında dayanan əsas vəzifələrdən biri kimi, xəstəliklərin profilaktikası barədə əhalinin məlumatlandırılması üçün İSİM-in fəaliyyətindən söhbət açan A.Rəşidova fəaliyyət çərçivəsində bu cür maarifləndirici kampaniyaların keçirilməsinin vacibliyini önə çəkdi.
Media nümayəndələrinin də iştirak etdiyi maarifləndirici kampaniyada hipertoniyanın profilaktikası məqsədilə İSİM-in tibb personalı tərəfindən əhalinin arterial təzyiqi ölçüldü. Həmçinin əhaliyə Mərkəz tərəfindən hazırlanıb çap edilmiş maarifləndirici bukletlər, üstündə Ümumdünya Sağlamlıq Gününün şuarını əks etdirən yazısı olan fincan və qələm paylanıldı.