28 MART 2013
İSİM-də “Səhiyyə davranışı dəyişikliyi üçün nəzərdə tutulmuş nəzəriyyədən istifadə” mövzusunda təlim keçirildi
2013-cü il martın 28-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə davranışı dəyişikliyi üçün nəzərdə tutulmuş nəzəriyyədən istifadə” mövzusunda təlim keçirildi. İSİM-in əsasən Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları üçün nəzərdə tutulmuş təlimdə digər şöbələrin də əməkdaşları və Azərbaycan Tibb Assosiasiyası, “Sağlam həyat mədəniyyəti” İctimai Birliyinin nümayəndələri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq, təlimin keçirilməsinin faydalarından danışdı. Xüsusən səhiyyə kommunikasiyası və siyasəti istiqamətində fəaliyyətin düzgün qurulmasında təlimin əhəmiyyətini vurğuladı. Səhiyyə kommunikasiyasında davranışın dəyişdirilməsi ilə bağlı Mərkəzdə mütəmadi təlim, görüş və layihələrin keçirildiyini xatırladan direktor bunun qarşıya çıxan problemlərin həllinə yardım edəcəyinə ümidvar olduğunu bildirdi.
İctimai səhiyyə üzrə mütəxəssis Əsvəd Qabulzadə səhiyyədə davranışın dəyişdirilməsi siyasətinin insanlar arasında xəstəliklərin profilaktikasına yönələn addımların atılmasına yardım etdiyini, bununla da nəticənin yaxşılaşdığını vurğuladı: “Biz münasibətləri, inancları, bilik, davranış və normaları dəyişdirmək üçün cəhd edirik.”
ABŞ-ın Arkanzas Universitetinin professoru Cen Henri təlimin səhiyyədə fərdi davranışın dəyişdirilməsinə həsr olunduğunu və bu istiqamətdə səhiyyə siyasətinin təqdim etdiyi yanaşmaları diqqətə çatdırdı. Davranışın dəyişdirilməsinə ekoloji yanaşmadan ətraflı bəhs edən C.Henri ABŞ təcrübəsindən nümunələr gətirdi. Ümumi səhiyyə davranışı nəzəriyyələri adı altında birləşən fərdi, şəxslərarası, təşkilatlararası, icma, cəmiyyət səviyyələri barədə ayrı-ayrılıqda ətraflı söhbət açıldı. C.Henri həmçinin ABŞ-da tütünlə mübarizə istiqamətində qurulan siyasətin tarixindən, əldə olunmuş nəticələrdən və maneələrdən danışdı.
Təlimin sonunda iştirakçılar qruplara ayrılaraq, nəzəri bilikləri təcrübədə tətbiq etdilər. Qrup işlərində qarşıya çıxan suallara aydınlıq gətirildi.