29 MART 2013
İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Xəstəliklərin və cərrahi müdaxilələrin kodlaşdırılmasına dair təlim keçirildi
2013-cü il martın 29-da İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Xəstəliklərin və cərrahi müdaxilələrin kodlaşdırılmasına (BXT-10 və BXT-9 CМ) dair təlim keçirildi. Təlimdə İSİM-in əməkdaşları və 5 pilot rayonun (İsmayıllı, Şəki, Qəbələ, Ağdaş, Abşeron) aidiyyəti tibb işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan layihənin həyata keçirilməsi üzrə işçi qrupun üzvü Lütfi Qafarov layihə barədə ətraflı məlumat verdi. Tədbirlərin keçirilməsinin ümumi hədəfinin körpələr, uşaqlar və analar arasında xəstəlik və ölüm hallarının əsas səbəblərinin daha yaxşı profilaktikasından və müalicə edilməsindən ibarət olduğunu vurğulayan L.Qafarov bu hədəfə nail olmaq üçün layihədə irəli sürülmüş məqsədləri sadaladı.
SN-nin İnformatika və Statistika İdarəsinin həkim-statisti Məlahət Vəzirova “Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) xəstələnmənin qeydiyyatı zamanı istifadəsi” mövzusunda təqdimatla çıxış etdi. Tibbi statistika, əsas statistik göstəricilər barədə məlumat verən M.Vəzirova XBT-nin geniş tərifini açıqladı: “Xəstəliklərin Beynəlxalq statistik Təsnifatı əhalinin sağlamlığı və səhiyyə müəssisələrinin fəaliyyəti haqqında məlumatların statistik işlənmələrinin əsas alətidir.”
Bütün ölkələrdə xəstəlik və ölümün vahid qaydada kodlaşdırıldığını və statistik təhlillərin aparıldığını bildirən məruzəçi XBT-nin xəstələnmə, ölüm və onun səbəblərinin qeydiyyatı, bu mövzuda müxtəlif statistik təhlillərin aparılması üçün əsas metodik vasitə olduğunu vurğuladı. Təqdimatda XBT-nin əhalinin xəstələnmə göstəricilərini, ölüm və tibb müəssisələrinə müraciət səbəblərini araşdırmağa və nəticələrin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda müqayisəli təhlilini aparmağa imkan verdiyi diqqətə çatdırıldı. XBT-nin xəstəliklərin diaqnozunu və sağlamlıqla bağlı digər problemləri kodlaşdırmağa, məlumatın toplanmasına, saxlanmasına və təhlilinin təkmilləşdirilməsinə imkan verdiyini bildirən M.Vəzirova xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, XBT-nin strukturu və təsnifat prinsiplərindən də bəhs etdi.
“Ölüm statistikasında XBT-10-nun istifadəsi” mövzusunda isə SN-nin İnformatika və Statistika İdarəsinin həkim-statisti Ofeliya Həciyeva təqdimat etdi. Ölümün statistikası, ölümün qeydiyyatı üzrə cavabdeh orqanlar, ölüm şəhadətnaməsinin dövriyyəsi haqqında məlumat verən O.Həciyeva ölüm haqqında tibbi şəhadətnamənin düzgün doldurulma qaydalarını nəzərə çatdırdı. Eləcə də yalnız ölümün kodlaşdırılması üçün istifadə olunan kodlar sadalandı, statistik məlumatın qeydiyyatında qarşıya çıxan problemlərdən söhbət açıldı. İştirakçılar travma və zəhərləmələrdə tibbi şəhadətnamənin və perinatal ölüm haqqında tibbi şəhadətnamənin doldurulma qaydaları barədə biliklərə yiyələndilər.
Təqdimatların sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.