15 APREL 2011
Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun keçirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti görüşü keçirildi
2011-ci il aprelin 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq sorğusunun (DSS) keçirilməsi üzrə yaradılmış İşçi Qrupun (İQ) növbəti görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov görüşün gündəliyində “Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilmiş seçmə haqqında məlumatların İQ üzvlərinə təqdim olunması” və “Sorğunun Tədbirlər Planında nəzərdə tutulan növbəti tədbirlərin – pilot sorğunun, müsahibə alanlar və supervayzerlər üçün təlimin və sahə işlərinin təşkili ilə bağlı məlumatların verilməsi” ilə bağlı məsələlərin olduğunu bildirdi. Görülən işlər barədə məlumat verən direktor, prosesin şəffaf keçirildiyini və hər bir aidiyyəti olan beynəlxalq təşkilatla müzakirə edildiyini bildirdi.
İSİM-n “Səhiyyə siyasəti və islahatlar” şöbəsinin müdiri Töhfə Cəmilova “Seçmə” təqdimatı ilə məruzə etdi. Seçmənin Azərbaycan Respublikasında keçirilən əhalinin son siyahıyaalınmasına əsasən aparıldığı bildirildi. O cümlədən, məlumatların dəqiqliyinin artırılması məqsədi ilə yerli statistika komitələri ilə ev təsərrüfatları siyahılarının dəqiqləşdirildiyi vurğulandı. Bakı şəhəri və 8 iqtisadi rayonu əhatə edən 321 klasterin seçildiyi qeyd edildi. Ev təsərrüfatlarının tam siyahısı tərtib edildikdən sonra, onlardan 24-nün seçildiyi və son seçməyə 7704 ev təsərrüfatının düşdüyü açıqlandı. Sorğunun respublika üzrə müəyyən olunmuş 10 marşrut üzrə aparılacağı tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Görüşdə iştirak edən Dövlət Statistika Komitəsinin Demoqrafiya və sosial statistika şöbəsinin müdir müavini Rza Allahverdiyevin fikrincə, aparılmış seçmənin 2009-cu ilin əhalinin siyahıyalınmasının nəticələrinə əsaslanması, keçiriləcək sorğunun dürüstlüyünə zəmanət verir.
İSİM-in “Səhiyyə siyasəti və islahatlar” şöbəsinin əməkdaşı Səidə İsmayılova “Sahə işlərinin təşkili” təqdimatı ilə çıxış etdi. Bu prosesdə sorğu vasitəsi kimi “Ev təsərrüfatı sorğu vərəqəsi” və “Qadın fərdi sorğu vərəqəsi”ndən istifadə ediləcəyi qeyd edildi. Ev təsərrüfatlarının hər birinə baş çəkiləcəyi və əldə olunmuş məlumatlardan “Ev təsərrüfatının sorğu vərəqə”sində istifadə olunacağı bildirildi. “Qadın fərdi sorğu vərəqəsi”ində hər ev təsərrüfatından 15-49 yaş arası qadınların müsahibəyə cəlb edildiyi açıqlandı. Qadınlara ümumi məlumat xarakterli, dünyaya gətirdikləri və ya övladlığa götürdükləri uşaqlar, QİÇS və cinsi yolla keçən xəstəliklər barədə məlumatlı olub-olmaları və digər suallarla müraciət ediləcəyi bildirildi. Sorğuda iştirak edən 15-49 yaşlı qadınlarda və onların 5 yaşadək olan övladlarında müəyyən antropometrik ölçülər də aparılacaq.
Sorğu vərəqələrinin sınaqdan keçirilməsi may ayına planlaşdırılıb. İntervüyerlər üçün təlimin iyul ayında, səyyar sorğu işlərinin isə avqust-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub.