19 APREL 2011
İSİM-də Səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi üçün zəruri hesab edilən kliniki-xərclər qrupunun (KXQ) işlənməsi ilə bağlı toplanmış məlumatlarla əlaqədar təqdimatlar oldu
2011-ci il aprelin 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi üçün zəruri hesab edilən kliniki-xərclər qrupunun (KXQ) işlənməsi ilə bağlı toplanmış məlumatlarla əlaqədar təqdimatlar oldu. Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi” haqqında söhbət açdı. Azərbaycanda tibbi xidmət təchizatçılarının yeni maliyyələşdirmə sisteminin işlənib-hazırlanmasının və sınaqdan keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verdi. Bunun üçün stasionar tibbi yardım göstərən müəssisələrin xərclərinin və xərc strukturunun təhlil olunması qərarına gəlindiyi qeyd olundu. Eyni zamanda hər bir xəstələnmə halı üzrə xərclərin hesablanması üçün beynəlxalq təcrübədə ən geniş istifadə olunan kliniki-xərclər qrupunun ölkəmiz üçün işlənib-hazırlanmasının və bunları təmin edəcək məlumat bankının yaradılmasının vacib hesab edildiyi diqqətə çatdırıldı. Direktor çıxışında Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmlərinin işlənib-hazırlanması və sınaqdan keçirilməsi məqsədilə İşçi Qrupun yaradıldığını da bildirdi.
AbtAssociates təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Olqa Zues bu istiqamətdə görülmüş işlərdən bəhs etdi. Həmçinin tədbirin gedişində nümayiş ediləcək təqdimatlarda Səhiyyədə iqtisadi qiymətləndirmənin əsasları, Bakı xəstəxanalarında xərclərin araşdırılması üzrə tədqiqatın bəzi nəticələri, xəstəxanalar üçün yeni ödəniş sisteminin hazırlanmasına yanaşmalar barədə məlumat veriləcəyini vuğuladı.
AbtAssociates-in məsləhətçisi Aleksandr Katsaqa seçilmiş müalicə-profilaktika müəssisələrinin maliyyələşdirilməsi istiqamətində aparılan tədqiqatdan danışdı. Həmçinin Çıxışda “Elektron Sağlamlıq Kartı” sistemində müəyyən formalar üzrə məlumatların toplanılması, təhlili, eləcə də sistemləşdirilməsi ilə bağlı məlumatlar qeyd edildi. Araşdırmanın nəticələri əyani olaraq, cədvəl və qrafiklər üzrə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. O cümlədən, xəstəxanaların maliyyələşdirilməsi yönündə Qırğızıstanda nail olunmuş nəticələrin müqayisəli təhlili aparıldı.
AbtAssociates-in əməkdaşı Fuad İbrahimov “Səhiyyə Proqramının iqtisadi qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etdi. Ümumi olaraq, iqtisadi qiymətləndirmə ilə bağlı məlumatla təqdimata başlayan F.İbrahimov bu qiymətləndirmənin keçirilmə səbəbləri və üsulları haqqında da geniş məruzə etdi. Çıxış əsnasında tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirə aparıldı.
Tədbir aprelin 22-də davam edəcək.