14 APREL 2011
İSİM-də növbəti Təşkilatlararası iclas keçirildi
2011-ci il aprelin 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İSİM, Qadın Krizis Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı, Rostropoviç-Vişnevskaya Fondu, BMT-nin Uşaq Fondu, AbtAssociates, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə idarəsi kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov görüşün məqsəd və vəzifələrindən danışdı. Ötən ay ərzində Mərkəzdə həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara məlumat verən direktor ictimai səhiyyənin inkişafı naminə görülən davamlı işlərdən bəhs etdi. Söhbət əsnasında Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində İSİM və ÜST-ün həyata keçirdiyi “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” istiqamətində aparılan işlər haqqında məlumat verildi. Əldə olunmuş məlumatların bir hissəsinin elektron bazaya daxil edildiyi bildirildi. Direktor eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ-ın Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzinin birgə təşəbbüsü ilə İSİM tərəfindən aparılan “13-15 yaşlı uşaqlar arasında tütünçəkmə” ilə bağlı sorğu barədə iştirakçıları məlumatlandırdı. Sorğunun Təhsil Nazirliyinin təqdim etdiyi siyahı əsasında, 25 ümumtəhsil məktəbini əhatə etdiyi, 2000 şagird arasında aparılması tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə İSİM tərəfindən peyvənd vaksinasiyasının təşkili ilə bağlı videoçarx çəkilişlərinin aparıldığı qeyd edildi. İşin hər il aprelin sonunda keçirilən immunlaşdırma üzrə Avropa həftəliyi çərçivəsində yekunlaşdırılacağı diqqətə çatdırıldı. İştirakçılar həmçinin vərəmin diaqnostikası ilə bağlı klinik protokolların dərc olunduğu və yaxın zamanlarda onun mütəxəssislərin ixtiyarına veriləcəyi barədə də məlumatlandırıldılar.
Yerli və beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların hazırki fəaliyyətindən söhbət açdılar. Həmçinin növbəti ay üçün planlaşdırılmış işlərdən bəhs edildi.
Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə “Ailə zorakılığına qarşı mübarizə sahəsində Mərkəz tərəfindən görülmüş işlər” mövzusunda çıxış etdi. A.İsazadə təmsil etdiyi təşkilatın 2001-ci ildən fəaliyyət göstərdiyini bildirdi. Təşkilatın ailə-məişət zəminində qadınların üzləşdiyi zorakılıqlar, insan alveri, boşanma kimi cəmiyyəti narahat edən problemlərlə məşğul olduğunu bildirdi. Məruzədə təşkilat tərəfindən qadınlara qrup şəklində psixoloji yardım göstərildiyi də vurğulandı. Həmçinin Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ilə birgə qadınlara hüquqi yardım edilməsi ilə bağlı layihənin həyata keçirildiyi diqqətə çatdırıldı.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.