24 APREL 2026
Gənclər arasında “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda maarifləndirmə aparılıb
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində növbəti tədbir təşkil olunub. Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri üçün “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Gənclərin ailə həyatına hazırlanması və cəmiyyətdə gender balansının qorunması məqsədilə keçirilən görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva uşaqların doğulanadək cins seçiminə məruz qalmasının həm mənəvi, həm də sosial fəsadlarından bəhs edərək, selektiv abortların demoqrafik göstəticilərə vurduğu zərərləri diqqətə çatdırıb. İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova ailə planlaşdırılmasının düzgün qurulması, ana və uşaq sağlamlığının qorunması, eləcə də hamiləliyin süni şəkildə sonlandırılmasının qadın sağlamlığı üçün yaratdığı risklər barədə ətraflı məlumat verib. Bildirilib ki, gələcəyin tibb işçiləri olacaq gənclərin bu mövzuda məlumatlı olması əhali arasında düzgün maarifləndirmə işinin aparılmasında mühüm rol oynayır. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.









