24 APREL 2026
“Miopiya və skoliozun profilaktikası” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 10 məktəbdə (19, 82, 83, 132-134, 157, 158, 195, 305, 311, 322 nömrəli məktəblər) “Miopiya və skoliozun profilaktikası” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə şagirdlərə sağlamlığln qorunması ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, şagirdləri erkən yaşlardan başlayaraq sağlamlığa məsuliyyətlə yanaşmağa çağırıb. Onlara sağlam həyat tərzi seçməyin üstünlükləri, gözlərin sağlamlığı, düzgün oturmaq vərdişləri izah edilib, fiziki passivlikdən uzaq olmaq, sağlam qidalanmaq tövsiyə olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.









