24 APREL 2026
Sağlam həyat tərzi seç – fiziki aktiv ol!” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə Akademik Zərifə Əliyeva adına lisey, İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və 23, 35, 47, 114, 128, 189-190, 200 nömrəli məktəblərdə şagirdlər üçün “Sağlam həyat tərzi seç – fiziki aktiv ol!” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə şagirdlərə sağlam həyat tərzi ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Sevinc Bağırova, İctimai sağlamlıq şöbəsinin meneceri Ülkər Abdullayeva geniş təqdimatla çıxış ediblər. Şagirdlərə sağlam həyat tərzi seçməyin üstünlükləri, hər gün fiziki aktiv olmağın vacibliyi izah edilib. Onlara zərərli vərdişlərdən uzaq durmağın və düzgün qidalanma rejiminin fiziki inkişafdakı rolu barədə geniş məlumat verilib. Həmçinin şagirdlərin asudə vaxtlarını daha səmərəli və aktiv keçirmələri üçün onlara praktik tövsiyələr təqdim olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









