22 APREL 2026
Məktəblilərə sağlam və düzgün qidalanma ilə bağlı tövsiyələr verilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə Z. Əliyeva lisey, T.İsmayılov adına 6 saylı məktəb-lisey, İ.Əfəndiyev adına Elitar Gimnaziya və 14, 20, 26, 35, 47, 49, 114, 128, 136, 189-190, 200, 202, 212 nömrəli məktəblərdə şagirdlər üçün “Sağlam və balanslı qidalanaq” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə şagirdlərə düzgün qidalanma ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Təlim resurs şöbəsinin meneceri Yeganə Şirvanlı, Monitorinq və təhlil şöbəsinin meneceri Zeynəb Abbaszadə geniş təqdimatla çıxış ediblər. Şagirdlərə qidanın onların həm fiziki inkişafı, həm də zehni fəaliyyəti üçün yanacaq rolu oynadığı izah olunub. Vurğulanıb ki, enerji içkiləri və həddindən artıq şəkərli qidalar ani enerji versə də, qısa müddətdən sonra yorğunluq və diqqət dağınıqlığına səbəb olur. Dügün qidalanmanın müvəqqəti bir pəhriz deyil, sağlam və uzun ömür üçün seçilən bir həyat tərzi olduğu diqqətə çatdırılıb. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









