22 APREL 2026
Şagirdlər arasında “Bullinqə yox deyək!” mövzusunda maarifləndirmə aparılıb
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 10 məktəbdə (19, 82, 83, 132-134, 157, 158, 195, 305, 311, 322 nömrəli orta məktəblər) “Bullinq” mövzusunda maarifləndirmə aparılıb. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə şagirdlərə ünsiyyətin düzgün qurulması, zorakılıq və bullinqlə bağlı ətraflı məlumat verilib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Firuzə Ağayeva geniş təqdimatla çıxış edib bildirib ki, bulinq yalnız iki tərəf arasında baş verən münaqişə deyil, bu prosesdə səssiz qalan müşahidəçilər də ən az zorakılığı törədən qədər məsuliyyət daşıyırlar. Şagirdlərə zarafatla bulinqin sərhədləri izah olunub, onlara bir-birinə qarşı daha anlayışla davranmaq, fərqliliklərinə hörmətlə yanaşmaq və empatiya qurmaq tövsiyə edilib. Vurğulanıb ki, bir nəfərin güldüyü, digərinin isə incidiyi heç bir hərəkət zarafat sayıla bilməz. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









