9 FEVRAL 2026
“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi” üzrə təlim keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və bu sahədə biliklərinin artırılması məqsədilə “Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi” mövzusunda təlim təşkil olunub. İSİM-in baş direktoru Səbinə Babazadə çıxış edərək əməyin mühafizəsi və yanğın təhlükəsizliyi məsələlərinin hər bir təşkilat üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə maarifləndirmə tədbirlərinin təşkil edilməsinin vacibliyini qeyd edib.
İSİM-in Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi Rəna Əmirova əməyin mühafizəsi qaydaları, fövqəladə hallarda davranış qaydaları, eləcə də yanğın təhlükəsizliyi tələbləri barədə ətraflı məlumat verib. İSİM-də təhlükəsizlik üzrə cavabdeh şəxs Məhəmməd Hüseynov çıxışında təlimin əsas hədəfinin iş mühitində təhlükəsizlik səviyyəsinin artırılması, eləcə də əməyin mühafizəsi sahəsində mövcud normativ tələblərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
Təlim zamanı iştirakçılara əmək qanunvericiliyinin əsasları, iş mühitində əməyin təhlükəsizliyinin təmin olunması, yanğın təhlükəsizliyi, fövqəladə hallarda idarəetmə və davranış qaydaları, zərərçəkmişə ilkin yardımın göstərilməsi və s. barədə geniş söz açılıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.









