19 YANVAR 2026
20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatının nümayəndələri və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ulu Öndərin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İSİM-in direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək, 20 Yanvar şəhidlərinin yeni nəsil üçün qəhrəmanlıq, Vətənə sədaqət rəmzi olduğunu vurğulayıb. Qanlı yanvar hadisələrində səhiyyə işçilərinin şücaəti və fədakarlığından söz açan S.Babazadə bu birliyin, qəhrəmanlığın gənclərimizdə iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an döyüşə atılmaq kimi keyfiyyətlərin təşəkkül tapmasında böyük rol oynadığını bildirib.
YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək, diqqəti 20 Yanvar hadisələrinə verilən siyasi, tarixi qiymətə yönəldib: “Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazıldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi”.
İSİM-in əməkdaşı Nərmin Azadova tariximizin 20 Yanvar səhifəsinin azadlığı uğrunda ayağa qalxmış Azərbaycan xalqının, ədalətsizliyə qarşı haqq səsini ucaltmış dinc, əliyalın insanların rəşadət tarixi olduğunu vuirğulayıb. İçtirakçılara 20 Yanvar hadisələrində xalqımızın mübarizliyini nümayiş etdirən video-çarx təqdim olunub. Faciənin günahsız qurbanlarını ehtiramla anan İSİM-in əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər qərənfillər qoyublar.









