26 DEKABR 2025
Əhali arasında sağlamlığın qorunması və sağlam həyat tərzi davranışlarının öyrənilməsi məqsədilə sorğular aparılıb
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali arasında sağlamlığın qorunması və tibbi biliklərə dair məlumatlılığın öyrənilməsi istiqamətində sorğular keçirilib. “Reproduktiv yaşda olan qadınlar arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə üzrə məlumatlılıq səviyyəsinin öyrənilməsi” sorğusunda iştirakçılara arzuolunmaz hamiləliyin qarşısını almaq üçün müasir üsullar barədə suallar verilib. Arzuolunmaz hamiləliyin qarşısını almaq üçün 7 üsul (prezervativlər, kontraseptiv həblər, inyeksion kontraseptivlər, uşaqlıqdaxili spiral, sterilizasiya, yarımçıq cinsi akt, təqvim metodu) barədə respondentlərin məlumatlılıq səviyyəsi öyrənilib. Nəticələrin təhlili orta məlumatlılıq səviyyəsinin 82,4 faiz olduğunu göstərib.
İSİM tərəfindən il ərzində paytaxtda və regionlarda mütəmadi olaraq tədbirlər təşkil olunur, sağlam həyat tərzi təbliğ və təşviq edilir. Bu tədbirlərlə yanaşı, əhali arasında fiziki aktivliyin əhəmiyyəti, habelə fiziki passivliyin fəsadları barədə məlumatlılıq və fiziki aktivlik səviyyəsinin öyrənilməsi məqsədilə sorğu aparılıb. Sorğu nəticələrinə əsasən, məlumatlılıq səviyyəsi 75,6 faiz təşkil edib.
İmmunizasiyanın əhəmiyyəti barədə məlumatlılığı artırmaq və bu istiqamətdə əhalinin fikirlərini öyrənmək məqsədilə keçirilən sorğuda valideynlər iştirak ediblər. Sorğu çərçivəsində valideynlərə uşaqlarına profilaktik peyvəndlərin edilib, yaxud edilməməyi, peyvəndlər haqqında məlumatı haradan əldə etdikləri, peyvəndlənməyə hər hansı maneə və ya problem olub olmamağı, profilaktik peyvəndlərin uşağın sağlamlığı üçün nə dərəcədə vacibliyinə dair suallar, o cümlədən müvafiq tövsiyələr verilib. Sorğuda iştirak edənlərin profilaktik immunlaşdırmadan məmnunluq səviyyəsi 89,2 faiz olub.
Növbəti sorğu əhali arasında sağlam həyat tərzi barədə məlumatlılıq səviyyəsinin öyrənilməsi, habelə sağlam davranışlara gündəlik həyat tərzində necə riayət edilməsi ilə bağlı məlumatları toplamaq məqsədilə aparılıb. Sorğu nəticəsində respondentlərə gündəlik həyat tərzi, zərərli vərdişlərdən istifadə, fiziki aktivlik, yuxu rejimi və s. üzrə suallar verilib, eyni zamanda maarifləndirmə aparılaraq sağlam həyat tərzi seçməyin üstünlükləri izah olunub. Sorğu nəticəsində 296 respondent yüksək bal toplayıb. Bu isə iştirakçıların 58,8 faizinin sağlam həyat tərzi davranışlarına riayət etdiyini göstərib.
Qeyd edək ki, İSİM tərəfindən aparılan bu sorğuların nəticələrinin təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəzərdə tutulan müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulub.









