18 DEKABR 2025
“Səhiyyədə Rəqəmsal Transformasiya və İnnovasiyalar 2025” mövzusunda konfrans keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən səhiyyə və tibb işçilərinin iştirakı ilə “Səhiyyədə Rəqəmsal Transformasiya və İnnovasiyalar 2025” mövzusunda konfrans təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan konfransda Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
İSİM-in direktoru Səbinə Babazadə iştirakçıları salamlayaraq, konfransın müasir innovativ vasitələrdən istifadəyə, səhiyyə sistemində informasiya texnologiyalarının inkişafı və tətbiqi təcrübəsinə, tibbi mövzularda hazırlanaraq istifadəyə verilən mobil tətbiqlərə və digər aktual mövzulara həsr olunduğunu vurğulayıb.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov çııxş edərək bildirib ki, səhiyyənin rəqəmsallaşdırılması bu gün dövlətimizin prioritet istiqamətlərindən biridir. O, səhiyyədə rəqəmsal transformasiya istiqamətində ölkəmizdə yeni layihə hazırlandığını və yaxın zamanda təqdim olunacaq bu layihədən həm tibb işçiləri, həm də vətəndaşlarımızın faydalanacağını diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Azərbaycan Respublikasının səhiyyə sistemində səhiyyə xidmətlərini dəstəkləyən rəqəmsal imkanların yaradılmasnından söz açıb və yeni vasitələrin, mobil tətbiqlərin bir sıra məsələlərin həllini asanlaşdırdığını vurğulayıb.
Açılış nitqlərindən sonra konfransda aktual mövzularda hazırlanmış çıxış və təqdimatlar izlənilib.
İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev “Tibbdə müasir texnologiyaların tətbiqi. Süni intellektin tibbdə tətbiqi – gələcək, yoxsa bu gün?”, Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə “Rəqəmsal səhiyyənin gələcəyi, tibbi rəqəmsal əkiz və elektron resept” mövzusunda geniş təqdimatla çıxış ediblər. Rəqəmsal səhiyyə istiqamətində görülən işlər təqdim olunub və vurğulanıb ki, əsas diqqət vətəndaşların sağlamlığının qorunmasına yönəlib və bütün səhiyyə ekosistemi, o cümlədən onun iştirakçıları bu çağırışa cavab verməlidir.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva əhalinin tibbi bilik və məlumatlılığının artırılması məqsədilə hazırlanmış mobil tətbiqlər və saytlar, İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Teymur Ağazadə tibb işçiləri üçün onlayn resurslar və innovativ vasitələr, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV - mobil tətbiqi barədə ətraflı məlumat veriblər.
İSİM-in Epidemiologiya şöbəsinin müdiri Billurə Yusifova “Klinik protokollar və faydalı mənbələr”, İnformasiya texnologiyaları şöbəsinin müdiri Samir Mehdiyev isə “Elmi məqalə və hesabatların yazılması, onlayn resurslar” mövzusunda çıxış edib və sualları cavablandırıblar.
İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev “Tibbi təhsil üçün klinik simulyasiya proqramlarının yaradılması, o cümlədən VR – PALS təlimi”ni təqdim edərək konfrans iştirakçılarına bu barədə ətraflı məlumat verib.
Təqdimatlardan sonra müzakirələrə yer verilib, rəqəmsal səhiyyə, süni intellektdən istifadə, tibbi mobil tətbiqlər və beynəlxalq təcrübə ətrfında fikir mübadiləsi aparılıb.









