10 DEKABR 2025
Regionlarda maarifləndirici tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Şabran şəhəri 1 nömrəli, Xaçmaz şəhəri 6 nömrəli, Qusar şəhəri 6 nömrəli, Quba rayonu Alekseyevka kənd tam orta ümumtəhsil məktəblərində məktəb rəhbərliyi, müəllim və psixoloqlar üçün xüsusi maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin məqsədi uşaq və yeniyetmələr arasında narkotik maddələr, tütün məmulatları, eləcə də elektron siqaretlərdən istifadənin qarşısının alınması, sağlamlığa məsuliyyətli yanaşmanın və zərərli vərdişlərə mənfi münasibətin formalaşdırılması olub.
Tədbirlərdə İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və İSİM-in baş hüquqşünası Rüstəm Məmmədov çıxış edərək zərərli vərdişlərin orqanizmdə yaratdığı fəsadlardan, onlardan uzaq olmağın əhəmiyyətindən və problemin hüquqi tərəflərindən danışıblar.
Tədbirlərdə məktəb rəhbərliyi, müəllim heyəti və psixoloqların mövcud problemlərə yanaşmasını müəyyən etmək məqsədi ilə təqdimatlar və geniş müzakirələr təşkil edilib, iştirakçılara maarifləndirici materiallar paylanılıb.









