10 DEKABR 2025
Sanator-kurort müəssisələrinin həkimləri üçün təlim keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “KURORT” QSC-nin sanator-kurort müəssisələrinin həkimləri üçün ixtisaslaşdırılmış təlim kursları başlayıb. Təlimlərin məqsədi sanator-kurort müəssisələrində çalışan həkimlərin kommunikasiya bacarıqlarının artırılması, pasiyentlərlə səmərəli ünsiyyətin qurulması və göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli sanator-kurort xidmətlərində pasiyent yönümlü yanaşmanın gücləndirilməsi üzrə təlimdə geniş təqdimatla çıxış edib. O, tibbi heyətin kommunikasiya bacarıqlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, həyata keçirilən təlimlərin bu sahədə peşəkarlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Təlimlərin müxtəlif mövzularda 12 həftə davam etməsi nəzərdə tutulub. Təlimlərdə həkimlər şikayətlərin idarə edilməsi, pasiyent təlimi və motivasiyası, tibbi etik davranış prinsipləri, multidissiplinar komanda işinin qurulması və digər müasir kommunikasiya yanaşmaları üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.









