20 OKTYABR 2025
İSİM-in nümayəndəsi Buxarada keçirilən XII Avrasiya Uşaq Həkimləri Konqresində iştirak edib
Özbəkistan Respublikasının Buxara şəhərində 17-18 oktyabr 2025-ci ildə “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XII Avrasiya Uşaq Həkimləri Konqresi keçirilib. Tədbirdə yalnız Özbəkistandan deyil, həmçinin Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Çin, Qazaxıstan, ABŞ, Polşa və digər ölkələrdən pediatriya və uşaq cərrahiyyəsi, ictimai səhiyyə mütəxəssisləri, pedaqoq və gənc alimlər iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva tədbirdə iştirak edib. Konqres çərçivəsində böyüklərdə və uşaqlarda kəskin respirator virus infeksiyaları və qripin diaqnostikası, müalicəsi üçün Beynəlxalq Vahid Klinik Tövsiyələrin (BVKT) hazırlanması üzrə Beynəlxalq Ekspertlər Şurasının iclası keçirilib.
İkigünlük tədbir çərçivəsində uşaqların sağlamlığı, qidalanması, inkişafı, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması və s. aktual mövzular üzrə müzakirələr aparılıb.









