28 APREL 2025
İSİM nümayəndələri autizmə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər
Bakı şəhəri Heydər Əliyev Mərkəzində 24-25 aprel 2025-ci ildə “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq elmi konfrans keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Heydər Əliyev Fondu, “Birgə və Sağlam" İctimai Birliyi və digər qurumların dəstəyi və təşkilatçılığı ilə keçirilən konfransda həm yerli, həm də beynəlxalq mütəxəssislər iştirak ediblər.
Konfransın məqsədi autizm haqqında müasir elmi araşdırmaları, autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi barədə yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, autizm haqqında məlumatlılığı artırmaq olub.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev başda olmaqla geniş heyətdə əməkdaşları konfransda və seminarlarda iştirak ediblər. Autizm pozuntusundan əziyyət çəkənlərin hərtərəfli inkişafı və dəstək tədbirləri barədə qurum rəhbərlərinin, xarici mütəxəssislərin çıxışları dinlənilib, ekspertlərin iştirakı ilə səmərəli fikir mübadiləsi aparılıb.
Konfransın son günü iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkili çəkilib.









