11 APREL 2025
İSİM-in nümayəndələri “Epidemik kəşfiyyat və riskin sürətli qiymətləndirilməsi” üzrə təlimdə iştirak ediblər
Moldovanın paytaxtı Kişinyov şəhərində 8-10 aprel 2025-ci ildə “Epidemik kəşfiyyat və riskin sürətli qiymətləndirilməsi” üzrə təlim keçirilib.
Azərbaycan, Gürcüstan və digər ölkələrdən 40-dan çox ictimai səhiyyə mütəxəssisi Avropa İttifaqı (Aİ) Səhiyyə Təhlkükəsizliyi Təşəbbüsü çərçivəsində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi tərəfindən təşkil olunan üçgünlük regional təlimdə bir araya gəliblər.
Tədbirin əsas məqsədi ictimai səhiyyə təhdidlərini aşkar etmək, qiymətləndirmək və onlarla mübarizə bacarığını gücləndirmək olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Billurə Yusifova, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova tədbirdə iştirak edib və ölkəmizdə qeyri-infeksion xəstəliklərin öyrənilməsi üzrə keçirilmiş sorğular, sağlam həyat tərzi istiqamətində aparılan maarifləndirmə və təbliğat işləri barədə məlumat veriblər.
Təlimdə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin, Aİ-yə üzv ölkələr, Şərqi Avropa və Cənubi Qafqaz tərəfdaş ölkələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert və mentorlarının mühazirələri dinlənilib.
Tədbirin sonunda regional əməkdaşlığın gücləndirilməsi məqsədilə konstruktiv dialoqlar aparılıb və ictimai səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında əhatəli müzakirələr keçirilib.









