1 MAY 2025
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2024-cü ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda İSİM-in fəaliyyəti, təşkil olunan tədbir və təlimlər, aparılan sorğu və tədqiqatlar, istifadəyə verilən innovativ vasitələr, bir sözlə Mərkəz tərəfindən ötən il görülən işlər barədə məlumatlar öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, 2024-cü il ərzində ölkəmizdə həyata keçirilən müxtəlif Dövlət Proqamları və Tədbirlər Planı üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən icrası İSİM-ə həvalə olunan fəaliyyətlər uğurla yerinə yetirilib. Yalnız “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə 20-dən artıq indikator İSİM tərəfindən yüksək məsuliyyətlə icra edilib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ölkəmizdə ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində bir sıra mühüm tədbirlər keçirilib. İSİM tərəfindən BMT-nin Əhali Fondu ilə əməkdaşlıq çərçivəsində “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri” sorğu-tədqiqatı aparılıb, nəticələr əsasında hesabat hazırlanaraq ingilis dilinə tərcümə edilib. Əhali arasında ekologiya haqqında biliklərin öyrənilməsi üzrə aparılan sorğu-tədqiqatın nəticələrinə əsasən, respondentlərin 81, 7 faizi iqlim dəyişikliyi barədə eşitdiyini, 54, 9 faizi onun üçün aktual olduğunu, 37, 3 faizi isə əsasən aktual olduğunu bildirib. Ekologiya Nazirliyi ilə birgə Bakı və bəzi şəhərlərdə havanın çirklənməsinin (PM2.5, PM10, ozon və s.) sağlamlıq və ölüm hallarına təsirini öyrənmək üçün aparılan tədqiqatın nəticələri təhlil olunub, Azərbaycanda COVİD-19 və qripə qarşı vaksinlərin effektliyinin dəyərləndirilməsi üzrə tədqiqatın yekunlarına dair 3 elmi məqalə hazırlanaraq beynəlxalq jurnallarda dərc olunub. Ümumilikdə, ötən il ərzində fiziki aktivlik, peyvəndlər, psixi sağlamlıq, zərərli vərdişlər və s. istiqamətlərdə 7 sorğu-tədqiqat həyata keçirilib.
Hesabat ilində İSİM tərəfindən 2500-ə yaxın iştirakçının qatıldığı müxtəlif istiqamətlərdə 70-dən çox təlim, konfrans təşkil olunub, təkmil həyata dəstək təlimi (ACLS), təkmil pediatrik həyata dəstək təlimi (PALS) və təməl həyata dəstək təlimi (BLS) olmaqla – ümumilikdə 250-dən çox təlimlər keçirilib. BMT-nin Uşaq Fondu ilə əməkdaşlıqla “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı” mövzusunda pediatr və ginekoloqlar üçün keçirilən seminarda 400 həkim iştirak edib. Valideynlər üçün də ayrıca təlimlər keçirilib və iştirakçı olan 5000 valideynə müvafiq tövsiyələr və materiallar verilib.
İl ərzində 5000-dən artıq iştirakçının cəlb edildiyi 100-dən çox maarifləndirici tədbir və aksiya təşkil olunub. Azərbaycan Respublikasının əsas prioritetləri sırasında dayanan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurlarına qayıdan vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi məqsədilə, İSİM tərəfindən Füzuli şəhərində 300-ə yaxın şagird, müəllim və valideynlər üçün maarifləndirici tədbirlər keçirilib.
İSİM-in əməkdaşları televiziya kanalları, saytlar və radiolara 70-dən çox müsahibə verib, 96 adda maarifləndirici çap materialı hazırlanaraq çap olunub, www.isim.az rəsmi internet səhifəsi və sosial şəbəkələrdə 82 xəbər paylaşılıb.
İl ərzində İSİM tərəfindən hazırlanaraq təqdim edilən 11 klinik protokol, 2 metodik tövsiyə, digər qurumlarla bərabər 10 metodik vəsait təsdiqlənib.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 50-yə yaxın məktəbin tibb otaqlarının qiymətləndirilməsi aparılıb. Sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə İSİM-in sosial platformalarında (İnsatagram, Facebook, Twitter, Linkedin, Telegram, Tiktok, Threads) maarifləndirici posterlər, video-çarxlar mütəmadi olaraq yerləşdirilib. Sosial şəbəkə hesablarında geniş təbliğat aparılıb, sağlam həyat tərzi, erkən nikah, reproduktiv sağlamlıq, mobil telefon, kompüter asılılığı və s. mövzularla bağlı materiallar, videolar hazırlanıb, il ərzində ümumi 500-ə yaxın paylaşım edilib, 5 canlı yayım təşkil edilib. İSİM saytlarına ümumi baxış sayı 300 mindən çox, sosial səhifələrin daimi izləyici sayı 14 min 661, paylaşımların feysbuk səhifəsində fərqli hesablardan görülmə sayı 174 min 131 olub.
İSİM-tərəfindən hazırlanaraq istifadəyə verilən innovativ vasitələr daha da zənginləşdirilib, ümumi olaraq 2 mobil tətbiqə və “Sağlam uşaq” internet portalına yeni məlumat və materiallar əlavə edilib.
Ölkədaxili kommunikasiya əlaqələri daha da genişləndirilib, dövlət qurumları, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqla müxtəlif tədbirlər təşkil olunub.
Hesabatın tam mətni ilə www.isim.az saytında tanış olmaq mümkündür:









