14 MART 2024
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə vəİslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirdiyi hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. AYB-nin Natəvan klubunda 13 mart 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.
O bildirib ki, məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyöblü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür. İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması kimi xüsusiyyətlərin aşılanması olub.
Tənqidçi-ədəbiyytaşünas Seyfəddin Hüseynli, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək bildiriblər ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.
Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunub: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”).
Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib, belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqə “525-ci qəzet”in informasiya dəstəyi ilə baş tutub.