7 DEKABR 2023
Bakı Qızlar Universitetində “Autizm xəstəliyi: əlamətləri və müalicəsi” mövzusunda tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektoru ilə birgə əməkdaşlıqla 7 dekabr 2023-cü ildə Bakı Qızlar Universitetində maarifləndirici tədbir təşkil olunub. Tədbir əhalini, xüsusilə məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi, pssixologiya ixtisası üzrə təhsil alantələbələri autizm, səbəbləri, əlamətləri və müalicəsi ilə bağlı məlumatlandırmaq məqsədi ilə keçirilib.
Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. İSİM-in psixoloqu Aysel Musayeva geniş təqdimatla çıxış edərək bildirib ki, autizm uşaqlarda erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət zamanı özünü göstərən ümumi inkişaf geriliyidir. O, əhali arasında autizmlə bağlı məlumatlılığın artırılmasının böyük əhəmiyyət daşıdığını, əlamətlərin erkən aşkarlanması və müalicəyə cəlb edilməsinin autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
İştirakçılara autizmi nəzərdən qaçırmamaq, uşaqlarda yaşıdlarından geri qalan əlamətlər müşahidə etdikdə dərhal mütəxəssisə müraciət etmək tövsiyə olunub və İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar paylanılıb.