1 DEKABR 2023
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Gürcüstanda keçirilən “Biorisklər barədə maarifləndirmə və biorisklərin azaldılması” üzrə təlimdə iştirak edib
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) Sağlamlıq Təhlükəsizliyi üzrə Avropa İttifaqı Təşəbbüsü çərçivəsində Gürcüstanın Tbilisi şəhərində 28-30 noyabr 2023-cü il tarixlərində “Biorisklər barədə maarifləndirmə və biorisklərin azaldılması üzrə təlim” keçirilib. Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi, Gürcüstan Daxili İşlər Nazirliyi və Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı da iştirak etdi.
Üç gün davam edən təlimlərdə bioriskin idarə edilməsi və strategiyası, biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili ilə əlaqədar fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlərin təqdimatları dinlənildi və mütəxəssislərin sualları cavablandırılıb.
Qeyd edək ki, Aİ-nin Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü yoluxucu xəstəliklərin qarşısının alınması və onlara nəzarət edilməsi üçün məsul regional işçi qüvvəsinin yaradılması və Aİ-yə namizəd ölkələrdə və Avropa Qonşuluq Siyasəti (AQS) üzrə tərəfdaş ölkələrdə transsərhəd sağlamlıq təhlükəsizliyi təhdidləri ilə mübarizə aparmaq üçün regional əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.